Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) baş nazir vəzifəsinə biznesmen Vasile Tofanın namizədliyini irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moldovanın keçmiş prezidenti, müxalifətdə olan Sosialistlər Partiyasının lideri İqor Dodon qərarı kəskin tənqid edib. Bildirib ki, hakimiyyət ölkədə yaranan ağır sosial-iqtisadi böhran, korrupsiya və qanunsuzluqlara görə məsuliyyəti öz üzərindən atmağa çalışır.
Dodonun sözlərinə görə, Fəaliyyət və Həmrəylik Partiyası beş illik hakimiyyəti dövründə ölkəni dərin böhrana sürükləyib və indi baş nazir postuna partiyasız şəxsi irəli sürməklə yaranan vəziyyətin məsuliyyətini onun üzərinə yönəltmək niyyətindədir.
O hesab edir ki, Vasile Tofan hökumət başçısı olacağı təqdirdə cəmiyyət tərəfindən narazılıqla qarşılanacaq islahatları həyata keçirməli olacaq və sonradan bütün mənfi nəticələr məhz onun üzərinə yüklənəcək.
Xatırladaq ki, daha əvvəl hakim partiyanın sədri və parlamentin spikeri İqor Qrosu fraksiya iclasından sonra Prezident Maya Sandu ilə keçiriləcək məsləhətləşmələrdə baş nazir vəzifəsinə Vasile Tofanın namizədliyinin irəli sürüləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar partiya fraksiyasının Tofanın da iştirakı ilə keçirilən iclasında qəbul olunub.
Əliyar Xəlil