İran-ABŞ müharibəsinin başlaması ilə diqqətlər yenidən Vaşinqton və Təl-Əviv arasındakı münasibətlərə yönəlib.
Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara başlamasında İsrailin və ABŞ-dakı yəhudi lobbisinin təsirinin olub-olmaması beynəlxalq siyasi dairələrdə yenidən müzakirə olunur. Bəziləri ABŞ-ın İsrail rəhbərliyinin təkidi ilə hücumlar həyata keçirdiyini iddia eddir.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İsrail ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir, İran məsələsində Vaşinqtonla daim sıx siyasi və hərbi dialoq aparır:
“İsrail rəhbərliyi uzun illərdir İranın nüvə proqramını və regional fəaliyyətini milli təhlükəsizliyi üçün əsas təhdid hesab edir və ABŞ administrasiyasını daha sərt siyasət yürütməyə çağırır. ABŞ-da fəaliyyət göstərən İsrail tərəfdarı lobbi təşkilatları da Konqres və siyasi dairələrdə öz mövqelərini fəal şəkildə müdafiə edirlər. Lakin bu, ABŞ-ın qəbul etdiyi hər bir qərarın yalnız həmin təsirin nəticəsi olduğu anlamına gəlmir.

Vüqar Zifəroğlu
Son hadisələr göstərir ki, Vaşinqton atəşkəsin pozulmasını İranın bölgədə həyata keçirdiyi hərbi fəaliyyət, dəniz nəqliyyatının təhlükəsizliyinə yönəlmiş təhdidlər və ABŞ qüvvələrinə qarşı risklərin artması ilə əsaslandırır. İran isə əksinə, ABŞ-ı razılaşmaları pozmaqda və gərginliyi yenidən artırmaqda ittiham edir. Bu səbəbdən tərəflərin hadisələrə yanaşması tamamilə fərqlidir”.
Turan Rzayev
Globalinfo.az