ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində baş tutan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə diqqətçəkən açıqlama verib. O, Rusiya-Ukrayna müharibəsinin də Azərbaycan-Ermənistan münasibətlərində olduğu kimi diplomatik yolla həll oluna biləcəyini qeyd edib və Vaşinqtonun vasitəçiliyi ilə Cənubi Qafqazda əldə olunan razılaşmanı nümunə göstərib.
Tramp həmçinin yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını və gələcəkdə Zelenski ilə Putinin görüşünün baş tutacağına inandığını söyləyib.
Tramp niyə məhz Azərbaycan-Ermənistan nümunəsini Rusiya-Ukrayna müharibəsi ilə müqayisə etdi? Ağ Ev rəhbəri bununla hansı siyasi mesajı verir?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Trampın Azərbaycan-Ermənistan nümunəsini çəkməsi ilk növbədə Vaşinqtonun vasitəçi rolunu siyasi uğur kimi təqdim etmək cəhdidir:
“O, Cənubi Qafqazda uzunmüddətli qarşıdurmanın diplomatik masa arxasında razılaşmaya çevrilməsini göstərərək demək istəyir ki, Rusiya-Ukrayna müharibəsində də “hərbi qələbə” deyil, siyasi razılaşma çıxış yolu ola bilər. Bu, həm Zelenskiyə, həm Putinə, həm də NATO müttəfiqlərinə ünvanlanan mesajdır: ABŞ prosesin kənarında deyil, əsas danışıqlar mərkəzi olmaq istəyir. Trampın Putinlə danışıq planını vurğulaması da bu “vasitəçi prezident” obrazını gücləndirir.

Züriyə Qarayeva
Bu müqayisənin əsas siyasi mesajı odur ki, Vaşinqton Ukrayna məsələsində də Cənubi Qafqazdakı kimi razılaşma modeli qurmağa çalışa bilər: əvvəlcə tərəflərlə ayrı-ayrı təmaslar, sonra etimad mexanizmləri, ardınca liderlər səviyyəsində görüş. Amma burada mühüm fərq var: Azərbaycan-Ermənistan prosesi regional sülh və kommunikasiya məsələsi üzərində qurulub, Rusiya-Ukrayna müharibəsi isə ərazi işğalı, təhlükəsizlik zəmanətləri və Avropa təhlükəsizlik arxitekturası ilə bağlı daha ağır böhrandır. Ona görə Trampın müqayisəsi tam eyniləşdirmə deyil, daha çox siyasi siqnaldır: ABŞ diplomatik təşəbbüsü öz əlində saxlamaq və Ukrayna müharibəsinin də danışıqlar masasına daşına biləcəyini göstərmək istəyir”.
Turan Rzayev
Globalinfo.az