İyulun 4-də su anbarında boğulan İsgəndərovların yeni fotosu yayılıb.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan fotoda Ağdam rayonunun Xaçındərbəntli kənd sakini Şərif İsgəndərov və üç övladı əks olunub.
Xatırladaq ki, 1985-ci il təvəllüdlü Şərif İsgəndərov böyük övladları – oğlu Tunar (2008-ci il təvəllüdlü) və qızı Fidanla (2009-cu il təvəllüdlü) birgə iyulun 4-də Xaçınçay su anbarında boğulublar.
Şərif İsgəndərov Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə 13-cü Tağımının inspektoru idi.
Sosial şəbəkədəki paylaşıma çoxsaylı rəylər yazılıb. Şərif İsgəndərovu tanıyanlar onu vicdanlı yol polisi kimi yadda saxladıqlarını, sürücülərlə həmişə nəzakətlə davrandığını xüsusi olaraq vurğulayıblar.
Xatırladaq ki, Bərdə rayonu ərazisində yaşayan 41 yaşlı Şərif İsgəndərov və övladları faciə yaşanan gün Ağdamdakı su anbarına çimmək məqsədilə getməyiblərmiş.
Yaxınlarının birldirdiyinə görə, Ş.İsgəndərovun oğlu Tunar və qızı Fidan bu il orta məktəbi bitiriblər. Onlar iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etməli imişlər. Bu səbəbdən Şərif İsgəndərov ailə üzvlərini yaşadıqları Bərdə rayonundan doğulduğu Ağdamın Xaçındərbəntli kəndinə aparıb. Məqsəd uşaqların imtahanqabağı istirahətini təşkil etmək, doğma kəndi ziyarət etmək olub.
Bu əsnada onlar kənd ərazisində yerləşən Xaçınçay su anbarının kənarına gəliblər və foto çəkdirməyə başlayıblar. Həmin vaxt Şərifin 12 yaşlı oğlu büdrəyərək su anbarına yıxılıb. Atası dərhal özünü lilli su hövzəsinə ataraq övladını xilas edib və onu anbardan qaldıraraq anasına ötürə bilib. Lakin Ş.İsgəndərov yorulduğundan təngnəfəs olub və ətrafı beton örtüklü olan su anbarından çıxa bilməyib. Atasının boğulduğunu görən qızı Fidan özünü suya ataraq ona kömək etməyə çalışıb. Lakin o da boğulmağa başlayıb. Yaxınlıqda olan Tunar bacısı ilə atasının boğulmaq üzrə olduğunu görərək tez özünü çatdırıb və anbara atılıb. Lakin o da xilas ola bilməyib və hər üçün boğulublar
Bildirilir ki, hadisə vaxtı uşaqların anasının səsinə yaxınlıqdakı şəxslər gəlib. Onlar qadının özünü su anbarına atmasına imkan verməyiblər.