zaxarova 1

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova NATO-nu məsuliyyətsiz qərarlar qəbul etməməyə çağırıb. O, Alyansın baş katibi Mark Ruttenin düşünməyə vaxt olmadığı barədə sözlərinə diqqət çəkib.

Sitat: “Bu, təəssüf doğurur, çünki NATO strateqləri dayanıb düşünsəydilər, təkcə ittifaq üçün deyil, bütün dünya üçün fəlakətə səbəb ola biləcək bu cür məsuliyyətsiz qərarlar verməzdilər”.

Zaxarovanın bəyanatındakı şifrələr nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, hazırda NATO ölkələri müdafiə imkanlarını gücləndirməyə çalışır:

“Alyansa üzv dövlətlər hərbi büdcələrini artırırlar. Bu proses Rusiyada ciddi narahatlıq doğurur. Moskva bunu özünə qarşı yönəlmiş addım kimi qiymətləndirir. Eyni zamanda, son dövrlərdə Rusiyanın Şərqi Avropada fəallığının artdığı müşahidə olunur. Burada söhbət hər hansı ərazinin işğalından deyil, Baltik ölkələri və Polşanın hava məkanının pozulması kimi hallardan gedir. Bu isə Şərqi Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır və NATO ölkələrinin müdafiə imkanlarını gücləndirmək qərarına təsir göstərir”.

zeynal serh

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, Avropa ölkələri və Kanada hərbi büdcələrini artırmaqla ABŞ-dan təhlükəsizlik sahəsində asılılığı azaltmağa çalışırlar:

“Onların məqsədi ABŞ ilə münasibətləri daha balanslı səviyyəyə çatdırmaq və təhlükəsizlik məsələlərində öz imkanlarını gücləndirməkdir. Bu proses fonunda Rusiya ilə münasibətlərin daha da gərginləşməsi mümkündür. Zaxarovanın bəyanatının əsas məğzi də NATO ölkələrinin bu addımlarından Rusiyaya qarşı istifadə etməmələri ilə bağlı xəbərdarlıqdır. Lakin hesab edirəm ki, NATO-nun əsas məqsədi Rusiyaya qarşı addım atmaqdan daha çox öz təhlükəsizliyini təmin etməkdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: