“İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ötən gün İrəvanda keçirdiyi mətbuat konfransında mərhum ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida mərasimində Azərbaycan və Türkiyənin Prezidentlərini gözlədiklərini deyib”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, səfir iki ölkənin liderlərinin deyil, nümayəndə heyətlərinin mərasimə qatılmasına diqqət çəkib:
“X.Şirqulami deyib: “Türkiyə və Azərbaycan nümayəndə heyətlərini göndərdilər, ancaq bu fakt tarixi yaddaşda qalacaq”. Yəni səfir hədələyici şəkildə demək istəyir ki, Azərbaycan və Türkiyə Prezidentlərinin vida mərasimində iştirak etməmələrini unutmayacaqlar. Unudulmasa, nə olacaq? Sən bölgədə müharibə əleyhdarı olan Türkiyə və Azərbaycana dronlar at, bunun səbəbini bu vaxta qədər izah etmə, sonra da şikayət et ki, Prezidentləriniz vida mərasimində niyə iştirak etməyiblər? Səfir vida mərasimində Azərbaycan Parlamentinin sədrinin iştirakını qiymətləndirmək əvəzinə Tehranın (və ya SEPAH-ın) təlimatıyla bizə dil uzadır.
Deməli, İran ABŞ və İsraillə müharibə günlərində Körfəz ölkələrinin tamamına raket və dron zərbələri endirdi. Buna baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərini çıxmaq şərtilə Körfəz ölkələrinin rəsmi nümayəndələri İrandakı vida mərasimində iştirak etməyi lazım bildilər. Bunun əvəzinə İran ordusu iki gündür yenidən bu ölkələrin ərazilərinə zərbələr endirir”.
Əliyar Xəlil
Globalinfo.az
