“Ankarada keçirilən NATO sammiti 6 bəndlik yekun bəyanatın qəbulu ilə başa çatdı. Təşkilatçı ölkəyə təşəkkür ifadə olunan ənənəvi bəndi nəzərə almasaq, sammitin yekununda cəmi 5 əsas məsələ üzrə razılıq əldə olundu”.
Globalinfo.az xəbər verir ki, bunu Ulu Öndər Heydər Əliyevin dövründə Prezidentin köməkçisi vəzifəsini icra edən, politoloq Eldar Namazov deyib.
O, budəfəki NATO sammitinin fərqli olduğunu söyləyib:
“Mən vaxtilə Prezident Heydər Əliyevin köməkçisi kimi NATO-nun bir sıra sammitlərində iştirak etmişəm və deyə bilərəm ki, bu, indiyədək gördüyüm ən qısa yekun bəyanatlardan biridir. Əslində, bundan fərqli nəticə gözlənilmirdi. Sammit iştirakçıları Ankaraya NATO-nun gələcəyi ilə bağlı ciddi narahatlıqlar fonunda toplaşmışdılar. Əsas sual ABŞ ilə Avropa müttəfiqləri arasında yaranmış fikir ayrılıqlarının daha da dərinləşməsinin qarşısının alınıb-alınmayacağı idi. Görünən odur ki, alyans daxilində parçalanmanın qarşısı alındı və Avropa ölkələri bunu rahatlıqla qarşıladı. Onlar hətta cəmi 5 bənddən ibarət yekun bəyanatı da mühüm müsbət nəticə kimi qiymətləndirirlər”.
E.Namazovun sözlərinə görə, sammit ərəfəsində bir çox ekspert hesab edirdi ki, Ankara görüşü Cənubi Qafqaz məsələlərinin də region liderlərinin iştirakı ilə müzakirəsi üçün münasib platforma ola bilər:
“Lakin NATO daxilindəki fikir ayrılıqlarının aradan qaldırılmasına yönələn əsas diqqət buna imkan vermədi. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu dövrdə Ankaraya getmək əvəzinə Rusiyaya yollanaraq baş nazir Mixail Mişustinlə görüşməyi üstün tutdu. Görüşdə Moskvanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin aradan qaldırılması imkanları müzakirə olunurdu.
Bununla belə, bu vəziyyət Cənubi Qafqazda sülh prosesinin irəliləməsi üçün ciddi maneə yaratmır. Çünki NATO nə bu prosesin iştirakçısı, nə də vasitəçisidir. Sülh prosesində birbaşa rol oynayan NATO üzvləri yalnız Türkiyə və ABŞ-dır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Donald Trampla Cənubi Qafqazda sülh quruculuğu prosesini müzakirə etməyi planlaşdırdığını bildirib. Bu isə, xüsusilə NATO daxilindəki fikir ayrılıqları, İran ətrafındakı gərginlik və Rusiya-Ukrayna müharibəsi kimi mürəkkəb məsələlərin sammitin əsas gündəmini təşkil etdiyi bir vaxtda, Cənubi Qafqaz üçün müsbət siqnal hesab oluna bilər”.
Əliyar Xəlil
Globalinfo.az