messi q

Misir millisinin baş məşqçisi Husam Həsən Argentina ilə oyundan sonra ədalətin pozulduğunu iddia edib. Bildirib ki, FİFA Lionel Messinin mundialla erkən vidalaşmasını istəməyib. Baş məşqçi həmçinin Misirin ikinci qolunun ləğv edilməsindən narazılığını ifadə edib və bu qərarın verilməsində argentinalıların hakimə təzyiq göstərdiyini iddia edib.

Husam Həsən əlavə edib ki, Dünya Çempionatı artıq marketinq layihəsinə çevrilib və təşkilatçılar Messinin turniri vaxtından əvvəl tərk etməsini istəməyiblər.

Bu iddia artıq qlobal məkanda neçə gündür müzakirə edilir. Baş məşqçinin dedikləri birmənalı qarşılanmır.

Doğrudanmı Argentina-Misir oyununda ədalətsizlik yaşandı?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, bu, daha çox baş məşqçinin və futbolçuların emosional reaksiyası idi:

“Hesab etmirəm ki, oyunda hər hansı ciddi hakim ədalətsizliyi baş verib. Məğlub olan komandanın belə emosional açıqlamalar verməsi futbolda normal haldır. Təsəvvür edin, komanda hesabda 2:0 öndədir, oyunun son 10-12 dəqiqəsinə də üstün vəziyyətdə daxil olur. Lakin sonda ardıcıl qollar buraxaraq 3:2 hesabı ilə məğlub olur. Belə bir ssenarini qəbul etmək psixoloji baxımdan asan deyil və oyundan sonra verilən açıqlamalar da məhz bu emosiyaların nəticəsidir. Bəli, mübahisəli epizodlar ola bilər. VAR müdaxilə edə, hakim hansısa epizodda fərqli qərar verə bilərdi. Amma bunlara əsaslanaraq oyunda ciddi hakim ədalətsizliyinin olduğunu söyləmək doğru yanaşma sayıla bilməz”.

kenan mesteliyev

Kənan Məstəliyev

K.Məstəliyevin fikrincə, ümumilikdə, futbol baxımından çox maraqlı və yüksək səviyyəli qarşılaşma izlənildi:

“Möhtəşəm kambek yaşandı və bu da oyuna xüsusi rəng qatdı. Messinin Argentina yığmasındakı rolu isə danılmazdır. Komandada Lautaro Martinez, Enzo Fernandez, Emiliano Martinez və digər yüksək səviyyəli futbolçular çıxış etsələr də, Lionel Messi hələ də bu kollektivin əsas siması və lideridir. Bununla belə, hesab edirəm ki, komanda 2:0 hesabı ilə öndə olduğu oyunu 3:2 hesabı ilə uduzursa, ilk növbədə səbəbi öz oyununda axtarmalıdır. Bu baxımdan, oyundan sonra səsləndirilən ittihamları əsaslı hesab etmirəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: