1783429999t

Türkiyədə NATO sammitinin baş tutduğu bir müddətdə gecə saatlarında ABŞ İrana yeni hücum həyata keçirib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da buna qarşılıq olaraq Yaxın Şərqdə ABŞ-a məxsus obyektləri vurduğunu açıqlayıb.

Hazırda ABŞ Prezidenti Donald Tramp Ankaradadır. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxın əlaqələri var.

Türkiyə prezidenti Ankarada Trampla İrana hücumun dayandırılması mövzusunda müzakirə apara bilərmi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, ABŞ və İran arasında növbəti eskalasiyanın Donald Trampın Ankarada olduğu vaxta təsadüf etməsi Türkiyənin mümkün vasitəçilik rolunu yenidən gündəmə gətirir:

“Çünki Türkiyə həm NATO üzvü kimi Vaşinqtonla strateji əlaqələrə malikdir, həm də İranla regional təhlükəsizlik, ticarət və enerji sahələrində münasibətləri olan dövlətdir. Bu baxımdan cənab Ərdoğanın Donald Trampla şəxsi münasibətlərinin olması Ankara üçün müəyyən diplomatik imkan yarada bilər. Türkiyə lideri əvvəlki dövrlərdə də ABŞ və regional aktorlar arasında dialoqun qorunmasının tərəfdarı kimi çıxış edib. Bu baxımdan Ərdoğanın Trampla görüşdə eskalasiyanın dayandırılması, diplomatik kanalların açıq saxlanılması və hərbi əməliyyatların genişlənməsinin qarşısının alınması məsələlərini gündəmə gətirməsi mümkündür.

Lakin burada əsas məqam ondan ibarətdir ki, Türkiyənin təsir imkanları müəyyən həddə qədərdir. ABŞ-ın İrana qarşı siyasəti yalnız Trampın şəxsi münasibətləri və ya regional tərəfdaşların mövqeyi ilə formalaşmır. Burada Vaşinqtonun strateji məqsədləri, İranın nüvə proqramı, regiondakı hərbi imkanları və ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyi kimi daha geniş amillər rol oynayır. Əgər ABŞ rəhbərliyi hesab edirsə ki, hərbi təzyiq İranı danışıqlarda daha zəif mövqeyə gətirə bilər, o zaman Ankaranın təşəbbüsləri də bu yanaşmanı qısa müddətdə dəyişməyə bilər. Amma düşünürəm ki, Tramp da indiki mərhələdə və mövcud şərtlər daxilində esakalasiyanın dərinləşməsində maraqlı olmayacaq və bu istiqamətdə təşəbbüsləri dəstəkləyəcək. Çünki ABŞ lideri üçün də uzunmüddətli və genişmiqyaslı müharibə ciddi siyasi və strateji risklər yaradır”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə 

Politoloq bildirib ki, Türkiyə bu qarşıdurmanın genişlənməsində maraqlı deyil:

“Çünki ABŞ-İran gərginliyinin dərinləşməsi regionda təhlükəsizlik risklərini artırır, enerji bazarlarına təsir edir və Türkiyənin yerləşdiyi coğrafiyada əlavə qeyri-sabitlik yaradır. Xüsusilə İraq, Suriya və Körfəz bölgəsində baş verə biləcək yeni gərginliklər Ankara üçün birbaşa təhlükəsizlik nəticələri doğura bilər.

Ona görə də Türkiyə Prezidentinin diplomatik kanalların açıq saxlanılması, atəşkəsin qorunması və eskalasiyanın nəzarətdən çıxmasının qarşısını almaqla bağlı çağırışları tamamilə təbii qəbul olunmalıdır. Onu da deyim ki, cənab Ərdoğan bu istiqamətdə təkcə Trampla deyil, İran tərəfi ilə də danışıqlar aparmağa qadir olan şəxsdir.

Ümumi olaraq dəyərləndirsək, deyə bilərik ki, Ankara bu mərhələdə ABŞ-İran qarşıdurmasını tam dayandırmaq gücündə olmasa da, böhranın idarə olunmasında mühüm vasitəçi rol oynaya bilər. Çünki Ərdoğan-Tramp münasibətləri müəyyən diplomatik kanal yaratsa da, ekun qərarı yenə də Vaşinqton və Tehranın öz strateji hesablamaları müəyyən edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: