Sosial şəbəkələrdə milyonlarla baxış toplamaq uğrunda rəqabət artıq evlilik təkliflərinin formasını da dəyişib. Son illərdə ənənəvi romantik anları ekstremal və riskli səhnələr əvəz edir. Bunun son və ən çox müzakirə olunan nümunəsindən biri rusiyalı bloqçular Ancela Nikolay və İvan Kuznetsovun (İvan Beerkus) Nyu-Yorkdakı “Empire State Building”in zirvəsinə qanunsuz şəkildə dırmaşaraq evlilik təklifi etməsi olub. Cütlük bu təhlükəli hərəkətdən sonra saxlanılıb.
Bəs son illərdə evlilik təklifləri niyə sosial şəbəkələrdə trendə çevrilib? Bunun ailə institutuna və evliliyin mahiyyətinə təsiri nədən ibarətdir?
Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, müasir insan həyatının demək olar ki, hər sahəsində macəra və adrenalin axtarır:
“Müasir şəxs istər səyahətdə, istər evlilikdə, istər qonaqlıqlarda, avtomobil və ya geyim seçimində, hətta toy və yas mərasimlərində belə fərqli görünmək, digərlərindən seçilmək istəyir. Son illərdə evlilik təkliflərinin xüsusi şouya çevrilməsi də məhz bu tendensiyanın nəticəsidir. Əlli il əvvəlki dövrlə müqayisədə bu gün rifah səviyyəsi yüksək olan ailələrin sayı xeyli artıb”.
Sosioloqun fikrincə, insan maddi baxımdan imkanlı olduqca, fərqli həyat tərzini həm yaşamaq, həm də nümayiş etdirmək istəyir:
“Artıq məqsəd təkcə xoşbəxt olmaq deyil, eyni zamanda bunu başqalarına göstərməkdir. Ona görə də evlilik təklifləri getdikcə daha qeyri-adi, daha təmtəraqlı və daha çox diqqət cəlb edən formalar alır. İnsanlar həmin anı çəkib paylaşmaq, “mən sevgilimə bax belə evlilik təklifi etdim” demək istəyirlər.
Mail Yaqub
Bəzən bunu ekstremal şəraitdə, bəzən də bloqerlərin yaratdığı trendlərə uyğun şəkildə həyata keçirirlər. Dərinə baxanda isə çox vaxt bunun romantikadan daha çox nümayiş xarakteri daşıdığını görürük”.
M.Yaqubun sözlərinə görə, əsl romantika adətən iki insan arasında yaşanır, onu mütləq hamıya göstərmək ehtiyacı olmur:
“Əgər əsas məqsəd bunu ictimailəşdirməkdirsə, böyük ehtimalla burada romantikadan daha çox özünü təqdim etmək istəyi var. Maraqlı olardı ki, belə fərqli və səs-küylü evlilik təklifləri ilə ailə quranların neçə faizi uzunmüddətli və sağlam ailə həyatı yaşayıb. Məncə, nəticələr çoxlarını təəccübləndirərdi. Çünki həmin anda əsas məqsəd möhkəm ailənin təməlini qoymaqdan çox, fərqli görünmək və diqqət çəkmək olur. Ümumiyyətlə, müasir insan daha çox əylənməyə, ani emosiyalar yaşamağa meyllidir. O, dərin düşüncədən, uzunmüddətli məsuliyyətdən və məntiqi yanaşmadan müəyyən qədər uzaqlaşır. Daha çox anı yaşamaq, həzz almaq istəyir. Sabahın necə olacağını isə çox vaxt düşünmür. Buna görə də bu cür nümayişkaranə evlilik təkliflərində mən ciddi məna görmürəm. Düşünmürəm ki, münasibətini həqiqətən şəxsi və dəyərli hesab edən insanlar onu mütləq ictimai nümayiş predmetinə çevirməyə ehtiyac duysunlar”.
Zaira Akifqızı
Globalinfo.az