Ermənistanın İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi müxalifətdəki “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qaqik Tsarukyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan məlumat verib.
İstintaq Tsarukyanı xüsusilə külli miqdarda dələduzluğa köməkçilik və çirkli pulların yuyulmasında ittiham edir.
Vəkilin sözlərinə görə, məhkəmə istintaqın vəsatətini təmin edib və eyni zamanda saxlanılmanın qanuni olduğunu təsdiqləyib. Sarkisyan bildirib ki, məhkəmə iclasında saxlanılmanın qanuniliyi ümumiyyətlə müzakirə olunmayıb.
“Elə təəssürat yarandı ki, qərar əvvəlcədən hazırlanmışdı və yalnız formal prosedurlar üçün standart ifadələr əlavə edildi”, – deyə vəkil vurğulayıb.
Müdafiə tərəfi qərarın tam mətnini əldə etdikdən sonra 10 gün ərzində apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Bu arada, Tsarukyanın malikanəsindən ötən gün İrəvan Zooparkına aparılan üç şirdən birinin öldüyü də məlum olub.
Zooparkın yaydığı açıqlamada bildirilib ki, yaşlı dişi şir sakitləşdirici preparat vurulduqdan sonra ayılmayıb. Baytar ekspertizasına əsasən, heyvanın ölümünə yaşlılıq və bununla əlaqədar yaranmış xəstəliklər səbəb olub.
Şirlər Tsarukyanın malikanəsindən xüsusi sakitləşdirici vasitələrin tətbiqi ilə zooparka köçürülmüşdü.
Ermənistanın İstintaq Komitəsi dişi şirin ölümünün başvermə şəraitini araşdırır.
Əliyar Xəlil