ronaldo kennedi scaled

Məlum olduğu kimi, Dünya Çempionatının 1/8 final mərhələsində İspaniya ilə Portuqaliya üz-üzə gəldi. Gərgin keçən qarşılaşma İspanların qələbəsi ilə başa çatdı və portuqallar turnirlə vidalaşdılar. Ancaq oyundan sonra ən çox müzakirə olunan məqam nə hesab, nə də İspaniyanın qələbəsi oldu. Dünyanın diqqəti yenidən Kriştiano Ronaldoya yönəldi. Müzakirələrin əsas mövzusu Ronaldonun yaşı və futbolçu karyerasını başa vurub-vurmayacağıdır. Çünki o, artıq 41 yaşındadır. Hətta İTV-nin aparıcısı maraqlı bir ifadə işlətdi: “ABŞ prezidenti Kennedinin öldürüldüyü şəhərdə Portuqaliya millisi məğlub oldu”.

Görəsən, bu, əfsanəvi futbolçunun son Dünya Çempionatı idi?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, dünyanın Ronaldo kimi bir futbolçunu müzakirə etməsi tamamilə normaldır:

“Çünki Kriştiano Ronaldo futbolun tarixini dəyişən simalardan biridir. Uzun illər davam edən Messi-Ronaldo rəqabəti futbola rəngarənglik, gözəllik və intriqa gətirdi. Təbii ki, indi həmin rəqabətin əsas simalarından birinin karyerasının son mərhələsinə yaxınlaşması geniş müzakirə mövzusudur. Ronaldonun milyonlarla pərəstişkarı var və onlar futbolçunun bundan sonrakı qərarını səbirsizliklə gözləyirlər. Hesab edirəm ki, bu dünya çempionatı Ronaldo üçün dünya kubokunu qazanmaq baxımından sonuncu real şans idi. Bildiyiniz kimi, o, Avropa çempionu olub, lakin dünya çempionu ola bilməyib. Messi-Ronaldo müqayisəsində də məhz dünya çempionluğu ən vacib meyarlardan biri hesab olunurdu. Təəssüf ki, Ronaldo bunu bacarmadı. Bunun əsas səbəbi isə təkcə onun çıxışı deyildi. Portuqaliya yığması komanda kimi gözlənilən oyunu göstərə bilmədi. Halbuki heyətdə Ronaldodan başqa da çox yüksək səviyyəli futbolçular var. Onların hər biri öz klublarında liderdir, böyük ustalığa malik oyunçulardır. Ancaq millidə vahid komanda kimi çıxış edə bilmədilər”.

natiq muxtarli 9

Natiq Muxtarlı

N.Muxtarlı Ronaldonun növbəti dünya çempionatında iştirak edəcəyini düşünmür:

“Hətta iştirak etsə belə, həmin turnirdə çempion olmaq şansını yüksək qiymətləndirmirəm. Buna görə də hesab edirəm ki, o, ən azı milli komandadakı karyerasını başa vuracaq. Klub futbolunda isə hələ də çıxış edə, uğurlar qazana bilər. Lakin artıq həm klub, həm də milli komanda səviyyəsində eyni intensivliklə mübarizə aparmaq onun üçün çətin olacaq. Əlbəttə, son qərarı Ronaldonun özü verəcək. O, dəfələrlə bildirib ki, fiziki hazırlığı və orqanizmi hələ də yüksək səviyyədədir, özünü oynamağa hazır hiss edir. Amma milli komandanın son çıxışları göstərdi ki, artıq əvvəlki Ronaldo deyil. Bununla belə, Portuqaliyanın uğursuzluğunu yalnız Ronaldonun üzərinə qoymaq düzgün olmaz. Bu, ümumilikdə komandanın uğursuz çıxışının nəticəsi idi”.

Natiq Muxtarlının fikrincə, emosiyalar səngidikdən və dünya çempionatının psixoloji yükü aradan qalxdıqdan sonra Ronaldo milli karyerasını başa vurduğunu açıqlayacaq:

“Ancaq istənilən halda, Ronaldo futbola misilsiz töhfələr verib. O, təkcə saysız-hesabsız rekordlara imza atmayıb, həm də futbola baxışı dəyişən simalardan biri olub. Məhz buna görə də onun karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı müzakirələrin aparılması tamamilə təbiidir. Bu qədər böyük azarkeş ordusuna sahib bir futbolçunun gələcəyi hər zaman diqqət mərkəzində olacaq və düşünürəm ki, bu müzakirələr hələ bir müddət də davam edəcək. Ronaldo uzun illər futbolsevərlərin yaddaşında yaşayacaq. Azarkeşlər onu futbola verdiyi böyük töhfələrə, qazandırdığı emosiyalara və yaratdığı unudulmaz rəqabətə görə minnətdarlıqla xatırlayacaqlar. Ronaldo böyük futbolçu idi və futbol tarixində öz izini əbədi qoydu. Təəssüf ki, biz futbolu dəyişən ən böyük simalardan birinin karyerasının sonuna yaxınlaşdığını görürük. Hər şeyə görə Ronaldoya təşəkkür etmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: