İspaniya Baş nazir Pedro Sançezin həyat yoldaşı Beqona Qomezin Ankaraya səfərinə icazə verilməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “EFE” agentliyi yazıb.
“Hökumət rəsmiləri hakimin Qomezə Ankaraya getməyə icazə verməməsinə təəccüblənib. Çünki onun Londona səfəri təsdiqlənmişdi. Onlar bunu hakimin qərəzi kimi dəyərləndiriblər”, – deyə qeyd olunub.
Məhkəmə iyulun 7–10-u tarixlərində Beqona Qomezin iki məqsədlə ölkədən çıxışına icazə verilməsi barədə müraciətinə baxıb: həyat yoldaşı ilə birlikdə Ankarada keçiriləcək NATO sammitində iştirak etmək və qızının Londonda keçiriləcək məzuniyyət mərasiminə qatılmaq. Onun işinə baxan hakim Juan Carlos Peinado məzuniyyətdə olduğundan, müraciətə onu əvəz edən hakim Antonio Viejo baxıb.
Hakim Antonio Viejo Türkiyənin Avropa İttifaqının hüquqi-məhkəmə əməkdaşlığı sisteminə daxil olmadığını əsas gətirərək, Qomezin NATO sammitində iştirakının yalnız protokol xarakteri daşıdığını bildirib və Ankaraya səfərinə icazə verməyib.
Bununla yanaşı, Böyük Britaniyanın da Aİ üzvü olmamasına baxmayaraq, İspaniya ilə məhkəmə əməkdaşlığının yüksək səviyyədə olduğunu və səfərin qızının məzuniyyəti ilə bağlı şəxsi xarakter daşıdığını nəzərə alaraq Londona getməsinə müvəqqəti icazə verib.
Qeyd olunur ki, Beqona Qomez NATO sammitində iştirak edəcək dövlət və hökumət başçılarının həyat yoldaşları kimi tədbirə rəsmi şəkildə dəvət olunmuşdu.
Xatırladaq ki, Beqona Qomez İspaniya tarixində pasportu məhkəmə tərəfindən müvəqqəti müsadirə edilən ilk baş nazir həyat yoldaşıdır.
O, nüfuz alveri, korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə istintaq altındadır. Hakim Juan Carlos Peinado ölkədən qaçma riski olduğunu əsas gətirərək onun pasportunun götürülməsinə qərar verib və Qomez iyunun 24-də pasportunu məhkəməyə təhvil verib.
Günel Cəlil
Globalinfo.az