Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında mövcud olan etibarlı münasibətlər NATO daxilindəki fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verə bilər.
Globalinfo.az xəbər verir ki, nazir bu fikirləri The New York Times qəzetinə müsahibəsində səsləndirib.
Fidanın sözlərinə görə, Türkiyə bu dostluq münasibətlərindən NATO ailəsinin maraqları naminə istifadə etməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı tənqidi açıqlamalarını da şərh edən nazir, Alyansın sammiti çərçivəsində baş tutacaq texniki məsləhətləşmələrin problemsiz keçəcəyinə əmin olduğunu bildirib.
“Bu baxımdan heç bir problem görmürəm. Səs-küylü bəyanatlar çox olsa da, praktikada heç nə dəyişməyib”, – Hakan Fidan vurğulayıb.
Nazir qeyd edib ki, Türkiyə ilə Avropa ölkələri arasında NATO-nun əhəmiyyəti ilə bağlı ortaq anlayış mövcuddur və heç kim Alyansın zəruriliyini şübhə altına almır. O, həmçinin bildirib ki, Aİ çərçivəsində müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi Avropa ölkələrinin NATO qarşısındakı öhdəliklərinə zidd deyil.
“Biz də Avropanın bir hissəsiyik. Əgər Avropa məkanında birləşməsək və öz təhlükəsizlik platformamızı formalaşdırmasaq, heç vaxt özümüzü tam təhlükəsiz hiss etməyəcəyik”, – deyə Türkiyənin xarici işlər naziri bildirib.
Əliyar Xəlil