arzum esas 1

Tiktoker İlduzə Hacıyeva (“Arzum999”) barəsində çıxarılan həbs hökmü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Məhkəmə qərarında zərərçəkmiş tərəflə barışığın əldə olunmaması da nəzərə alınan hallardan biri kimi qeyd edilib. Bu isə hökm çıxarıldıqdan sonra tərəflər arasında barışığın mümkün olub-olmaması və belə bir razılaşmanın apellyasiya instansiyasında işin taleyinə təsir edib-etməyəcəyi ilə bağlı suallar yaradıb.

Hökm çıxarıldıqdan sonra təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə olunması hüquqi baxımdan mümkündürmü? Əgər barışıq baş tutarsa, bu, apellyasiya məhkəməsinin qərarına və cəzanın dəyişdirilməsinə təsir göstərə bilərmi?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanovun sözlərinə görə, məhkəmə hökmü qanunun tələblərinə, işin faktiki hallarına, təqdim edilmiş sübutlara, tərəflərin mövqeyinə və hakimin daxili inancına əsaslanmalıdır:

“Qeyd edim ki, hazırkı mərhələdə çıxarılan hökm hələ yekun məhkəmə aktı hesab olunmur. Yekun qərar kassasiya instansiyası, yəni Ali Məhkəmə tərəfindən qəbul ediləcək qərardan sonra formalaşmış sayılır. Hazırda isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmündən həm təqsirləndirilən şəxsin müdafiəçiləri, həm də hökmdən narazı olduğu təqdirdə zərərçəkmiş şəxs apellyasiya şikayəti verə bilər. Eyni zamanda dövlət ittihamçısı da apellyasiya protesti vermək hüququna malikdir”.

ramil suleymanov 900x600 1

Ramil Süleymanov

Vəkil deyib ki, apellyasiya şikayəti və ya protest Bakı Apellyasiya Məhkəməsinə təqdim edildikdən sonra iş üzrə bütün hallar yenidən araşdırılacaq:

“Bildirilir ki, birinci instansiya məhkəməsində tərəflər arasında barışıq əldə olunmayıb. Lakin apellyasiya baxışı zamanı tərəflər barışıq əldə edər və bunu təsdiq edən sənədi məhkəməyə təqdim edərlərsə, yaxud zərərçəkmiş şəxs qarşı tərəfə hər hansı iddia və tələbinin qalmadığı barədə ərizə verərsə, bu hal məhkəmə tərəfindən cəzanı yüngülləşdirən amil kimi qiymətləndirilə bilər. Nəticədə cəzanın müddətinin azaldılması barədə qərar qəbul edilməsi də mümkündür”.

R.Süleymanov bildirib ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlasa belə, qanunvericilik kassasiya şikayətinin verilməsi imkanını da nəzərdə tutur:

Cinayət-Prosessual Məcəlləsinə əsasən, qanunda müəyyən edilmiş müddətlər çərçivəsində kassasiya şikayəti verilə bilər. Kassasiya baxışı zamanı da tərəflər arasında əldə olunmuş barışıq məhkəməyə təqdim edilərsə, bu, cəzanın yüngülləşdirilməsi, cəza müddətinin azaldılması və ya cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı qərarın qəbul olunmasına təsir göstərə bilən hallardan biri kimi qiymətləndirilə bilər”.

İlduzə Hacıyevanın vəkilinin sözlərinə görə, o, barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: