Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə aparılan ictimai rəy sorğusunun nəticələri Azərbaycan cəmiyyətində dövlətimizin başçısına yüksək etimadın və onun fəaliyyətinə geniş ictimai dəstəyin yüksək olduğunu göstərir. Respondentlərin 87,7 faizinin Prezidentə etimad göstərməsi, 93,6 faizinin onun fəaliyyətini müsbət qiymətləndirməsi və 81,9 faizinin onu alternativsiz siyasi lider hesab etməsi cəmiyyətdə formalaşmış ictimai rəyin əsas istiqamətlərini əks etdirir.
Globalinfo.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, bu yüksək etimad, ilk növbədə, Prezident İlham Əliyevin milli maraqları daim ön planda saxlayan, ardıcıl və prinsipial siyasəti ilə əlaqəlidir: “Dövlətimizin başçısının ölkənin milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə etməsi, müstəqil xarici siyasət kursunu davam etdirməsi və strateji qərarlar qəbul etməsi onun fəaliyyətinə verilən müsbət qiymətin əsas səbəblərindəndir.
Eyni zamanda, Prezident İlham Əliyevin xalqla sıx bağlılığı, siyasətini cəmiyyətin gözləntiləri və dövlətin uzunmüddətli maraqları əsasında qurması insanların etimadını daha da möhkəmləndirən mühüm amillərdən biridir. Sorğuda əks olunan rəylər göstərir ki, respondentlər dövlətimizin başçısının liderlik keyfiyyətlərini, qətiyyətini və böhranlı situasiyalarda operativ qərarlar qəbul etmək bacarığını yüksək dəyərləndirirlər.
Azərbaycanın son illərdə iqtisadi potensialının artması, infrastruktur layihələrinin genişlənməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və ölkənin özünü təmin edən dövlət kimi mövqeyinin möhkəmlənməsi Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasətin mühüm nəticələrindəndir.
İctimai rəydə xüsusi yer tutan məsələlərdən birinin də Azərbaycanın beynəlxalq mövqeyi olduğunu vurğulayan N.Aslanov deyib: “Ölkənin Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyini gücləndirməsi, regional və qlobal proseslərdə fəal iştirak etməsi, milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olub.
Qırx dörd günlük Vətən müharibəsində qazanılmış Qələbə və Azərbaycanın ərazi bütövlüyü ilə tam suverenliyinin bərpa edilməsi Prezident İlham Əliyevin fəaliyyətinin ən mühüm nəticələrindən biri kimi qiymətləndirilir. Bu hadisələr ölkənin müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, dövlətimizin başçısına ictimai etimadın daha da möhkəmlənməsində mühüm rol oynayıb”.
Deputat əlavə edib ki, dünyada geosiyasi gərginliyin və münaqişələrin artdığı bir dövrdə Azərbaycanda sabitliyin, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması da respondentlərin müsbət qiymətləndirdiyi əsas istiqamətlərdən biridir. Daxili sabitlik və təhlükəsizlik ölkənin davamlı inkişafı üçün əsas şərtlərdən biri hesab olunur.
Bu baxımdan da sorğunun nəticələri respondentlərin böyük əksəriyyətinin Prezident İlham Əliyevin fəaliyyətini ölkənin inkişafı, milli maraqların qorunması, təhlükəsizliyin təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından müsbət qiymətləndirdiyini göstərir. Sorğuda ifadə olunan rəylər yüksək ictimai etimadın formalaşmasını məhz bu amillərlə əlaqələndirir.