2026-cı il dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə məğlub olduqdan sonra Braziliya millisinin hücumçusu Neymar beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, hazırda Braziliyanın “Santos” klubunda çıxış edən 34 yaşlı futbolçu oyundan sonra göz yaşlarını saxlaya bilməyib və emosional açıqlama verib.
“Mən bacardığım qədər mübarizə apardım, cəhd etdim. İndi hər şey bitdi. Burada başladım, burada da bitirirəm”, – deyə Neymarın sözlərini “Globo” nəşri sitat gətirib.
Qeyd edək ki, Norveçlə qarşılaşmada Avropa təmsilçisinə qələbə qazandıran qolları Erlinq Haaland vurub. O, 79 və 90-cı dəqiqələrdə fərqlənərək dubl edib.
Zədədən yeni sağaldığı üçün mundialın qrup mərhələsinin ilk iki oyununu buraxan Neymar 67-ci dəqiqədə meydana daxil olub. O, yalnız hakim tərəfindən əlavə olunmuş vaxtın 10-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azalda bilib. Lakin bu qol Braziliyanı turnirdə saxlamayıb.
Neymar Braziliya millisinin tarixinin ən məhsuldar bombardiri kimi yığma karyerasını başa vurur.
O, 2010-cu ildə debüt etdiyi milli komandada ümumilikdə 130 oyun keçirib, 80 qol vurub və 59 məhsuldar ötürmə edib.
Norveçə qarşı görüş Neymar üçün dünya çempionatlarında keçirdiyi 15-ci oyun olub. Bununla da o, Braziliya futbolunun əfsanəsi, üçqat dünya çempionu Peleni geridə qoyub.
Milli karyerası ərzində Neymar dörd dünya çempionatında iştirak edib. O, Braziliya yığması ilə 2016-cı il Olimpiya Oyunlarının qızıl medalını və 2013-cü il Konfederasiyalar Kubokunu qazanıb.
Xatırladaq ki, klub karyerası ərzində Neymar “Barselona”, PSJ, “Əl-Hilal” və doğma “Santos” klublarının formasını geyinib.
Əliyar Xəlil
Globalinfo.az