1 9

Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinən tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi iki gündür gündəmdən düşmür. Bu gün isə sözügedən qəzada həlak olan Amal Məlikovun vaxtilə narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair yayılan məhkəmə sənədləri müzakirələri yenidən alovlandırıb. Həmin hökmün surəti paylaşılaraq, Amalın yol qəzası zamanı da narkotik vasitənin təsiri altında ola biləcəyi iddia edilir.

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo” məsələ geniş müzakirə mövzusuna çevrildiyindən hər cür şübhəyə aydınlıq gətirmək məqsədilə qəzanın baş verdiyi gün Amalın narkotik vasitə və ya spirtli içki qəbul edib-etmədiyini araşdırıb. Sözsüz ki, bu suala cavab verən ən mötəbər sənəd isə məhkəmə-tibbi ekspertizasının rəyidir.

“Qafqazinfo” Amal Məlikovun meyiti üzərində aparılmış həmin ekspert rəyini əldə edib.

Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, yol-nəqliyyat hadisəsi zamanı həlak olan Amal Məlikovun qanında nə spirt, nə də narkotik vasitə aşkar edilib.

Rəydə bu barədə konkret olaraq belə qeyd olunur:

“Mərhum A.M. Məlikovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredici maddələr aşkar edilməmişdir”.

Məhkəmə isə hökmü Azərbaycan Respublikası adından çıxarır. Hakim hökm qəbul edərkən emosiyalara deyil, iş üzrə toplanmış sübutlara, ekspert rəylərinə və digər araşdırılmış materiallara əsaslanır. Tərəflərdən hər hansı biri hökmlə razılaşmadıqda isə qanun ona apellyasiya instansiyasına müraciət etmək hüququ verir.

Paylaş: