ABŞ-ın paytaxtı Vaşinqtonda 4 İyul – Müstəqillik Günü münasibətilə keçirilməsi planlaşdırılan ənənəvi parad anomal isti hava şəraiti səbəbindən ləğv olunub.
Globalinfo.az xəbər verir ki, paradın rəsmi saytında yayılan açıqlamada bildirilib ki, 4 iyul 2026-cı il tarixində yerli vaxtla saat 10:30-da başlaması nəzərdə tutulan tədbir iştirakçıların, tamaşaçıların və təşkilatçı heyətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilməyəcək.
Məlumata görə, qərar ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi ilə bağlı tədbirləri koordinasiya edən “Freedom 250” təşkilatı ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.
Sinoptiklərin proqnozuna əsasən, Vaşinqtonda gün ərzində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyi gözlənilir.
Qeyd olunub ki, paytaxtda Müstəqillik Günü ilə əlaqədar planlaşdırılan bəzi digər tədbirlər də ya ləğv edilib, ya da məhdud formatda keçirilir.
Xatırladaq ki, ABŞ-ın Müstəqillik Bəyannaməsi 1776-cı ildə qəbul edilib. iyulun 4-də isə yekun redaksiyası təsdiqlənərək ictimaiyyətə yayılması qərara alınıb. Buna görə də 4 iyul ABŞ-ın yaranma günü kimi qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az