Azərbaycanın təbii sərvətlərindən biri olan, Şuşa şəhəri yaxınlığında yerləşən və müalicəvi xüsusiyyətləri ilə tanınan “Turşsu” bulağının ciddi ekoloji problemlə üzləşdiyi bildirilir.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, vaxtilə insanların istirahət və sağlamlıq məqsədilə üz tutduğu bu ərazinin hazırda məişət tullantıları ilə çirkləndirdiyini əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova ilə əlaqə saxladıq.
Onun sözlərinə görə, “Turşsu” ərazisinin turistlər tərəfindən çirkləndirilməsi ilə bağlı yayılmış video görüntülər məyusluq hissi doğurur:
“Məlumat üçün bildiririk ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərinin və kəndlərin idarə edilməsi ilə məşğuldur. Şuşa rayonunda yerləşən Turşsu qəsəbəsi (Turşsu bulağı) ərazi baxımından Şuşa rayonuna daxil olsa da, “Meşə fondu” olduğu üçün Ekologiya və Təbii sərvətlər Nazirliyinin nəzarətindədir. Lakin, buna rəğmən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir Xidməti tərəfindən həftədə bir neçə dəfə ərazi təmizlənilir, zibil qutuları dəyişdirilir”.
“Bir daha ziyarətçilərimizdən səfalı torpaqlarımızın qədrini bilmələri və əraziləri çirkləndirməmələri xahiş olunur”, – S. Məmmədova əlavə edib.