prt 1

Bu gün saat 08:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar çağırış qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən 1 nəfər də (qadın) xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

***11:47

Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, ölən şəxs 2010-cu il təvəllüdlü Zəhra Pərvin qızı İsrafilovadır.

Hadisə zamanı evdə 4 nəfər – ana və 3 övladı olub. Z.İsrafilova partlayış olan otaqda olduğundan hadisə nəticəsində dağıntılar altında qalaraq ölüb.

Ailənin daha bir üzvü isə dağıntılar altından sağ çıxarılıb.

***10:43

Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşayış evində partlayış baş verib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş: