Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko yanacağın bahalaşmasının müsbət tərəflərinin də ola biləcəyini iddia edib.
Globalinfo.az xəbər verir ki, Onişenko bu barədə yerli mediaya açıqlama verib.
O bildirib ki, bahalı benzin insanları şəxsi avtomobildən daha az istifadə etməyə sövq edəcək. Onun sözlərinə görə, bu da havanın daha təmiz olmasına və Moskva sakinlərinin daha çox hərəkət etməsinə səbəb olacaq.
Onişenko fikrini digər nümunələrlə də əsaslandırmağa çalışıb. O deyib ki, elektrik enerjisinin olmaması insanların elektron cihazlardan daha az istifadə etməsinə, gün batanda yatmasına şərait yarada bilər.
Akademik ərzaq qiymətlərinin artmasını isə “terapevtik aclıq” və orqanizmin təmizlənməsi üçün fürsət kimi qiymətləndirib:
“Bu oruc üçün çox gözəl imkandır. Niyə də olmasın? Bədənin təmizlənməsi üçün də əladır. Bunların hər biri fürsətdir. İstifadə etmək lazımdır”.
Tahir Turan
Globalinfo.az