1783000700 1783000252 32f94b4e e43b 42e2 b415 c58293df4dee 2

Müasir dövrdə rəqəmsal texnologiyalar ölkələrin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən birinə çevrilib. Dünyada baş verən sürətli texnoloji dəyişikliklər göstərir ki, gələcəyin güclü dövlətləri rəqəmsal iqtisadiyyata, innovasiyalara və süni intellekt texnologiyalarına vaxtında yatırım edən ölkələr olacaq. Azərbaycan da bu qlobal proseslərə uyğun olaraq rəqəmsal inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə rəqəmsal transformasiya istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilir. Dövlət xidmətlərinin müasirləşdirilməsi, innovasiya mühitinin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik sisteminin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Dövlət başçısının tapşırıqları əsasında qəbul olunan qərarlar Azərbaycanın rəqəmsal inkişafının yeni mərhələsinə keçidini təmin edir.

Bu istiqamətdə mühüm addımlardan biri də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasıdır. Şuranın fəaliyyətinə Birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edir. Onun sədrliyi ilə keçirilən ilk iclasda rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində qarşıda duran əsas vəzifələr müzakirə olunub. Mehriban Əliyeva çıxışında bildirib ki, rəqəmsal inkişaf yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də dövlət idarəçiliyinin daha səmərəli qurulması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və Azərbaycanın milli maraqlarının qorunması deməkdir.

Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi. Həmin qərarların davamı olaraq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi. Bu sənəd qarşıdakı illərdə həyata keçiriləcək islahatların əsas yol xəritəsini müəyyən edir.

Fəaliyyət Planı dörd əsas istiqaməti əhatə edir. Bunlar rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlikdir. Eyni zamanda sənəddə infrastrukturun gücləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, insan kapitalının inkişafı və idarəetmənin müasirləşdirilməsi əsas prioritetlər kimi müəyyən olunub.

SaveClip.App 731158347 18610850767029043 9110416838481602994 n 4

Bu islahatların əsas məqsədi dövlət xidmətlərini vətəndaşlara daha yaxın etməkdir. Artıq müxtəlif dövlət qurumlarının xidmətlərinin vahid platformada təqdim olunması istiqamətində mühüm addımlar atılır. “mygov” platformasının genişləndirilməsi nəticəsində insanlar bir çox xidməti evdən çıxmadan əldə edə biləcəklər. Bu isə həm vaxta qənaət edəcək, həm də bürokratik maneələri minimuma endirəcək.

Rəqəmsal inkişafın mühüm istiqamətlərindən biri də süni intellekt texnologiyalarının tətbiqidir. Dövlət xidmətlərində bu texnologiyalardan istifadə xidmətlərin daha operativ və keyfiyyətli göstərilməsinə imkan yaradacaq. Eyni zamanda kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər dövlət informasiya sistemlərinin və vətəndaş məlumatlarının daha etibarlı qorunmasına xidmət edir.

İslahatlar yalnız dövlət idarəçiliyini əhatə etmir. Təhsil sahəsində rəqəmsallaşmanın genişləndirilməsi, məktəblərdə müasir texnologiyaların tətbiqi, şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi də həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Məqsəd gələcəyin çağırışlarına cavab verən bilikli və rəqabətqabiliyyətli gənc nəslin formalaşdırılmasıdır.

Bu gün Azərbaycanda həyata keçirilən rəqəmsal islahatlar göstərir ki, ölkəmiz texnoloji inkişafı yalnız gələcəyin hədəfi kimi deyil, bugünkü inkişafın vacib şərti kimi qəbul edir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti bu istiqamətdə görülən işlərin daha sistemli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə geniş imkan yaradır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan rəqəmsal inkişaf sahəsində qarşıya qoyduğu məqsədlərə inamla doğru irəliləyir. Həyata keçirilən islahatlar vətəndaşların həyatını asanlaşdıracaq, iqtisadiyyatın rəqabət qabiliyyətini artıracaq və ölkəmizin regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək.

Aydın Hüseynov
Milli Məclisin üzvü

Paylaş: