Keçirilən son sorğularda diqqət çəkən məqamlar var. Belə ki, sorğu iştirakçılarının 87,7 faizi Prezident İlham Əliyevə etimad göstərib. Bundan başqa, iştirakçıların 93,6 faizi onun fəaliyyətini müsbət qiymətləndirib. Ən diqqət çəkən məqam isə iştirakçıların 81,9 faizinin dövlət başçısını alternativsiz siyasi lider hesab etməsidir.
Sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevə yüksək ictimai etimad var. Bu etimadın formalaşmasının arxasında isə vətəndaşların qeyd etdiyi bir neçə əsas amil dayanır.
Birincisi, dövlət başçısı milli maraqları hər şeyin üzərində görür. Daha dəqiq desək, daxili və xarici siyasətdə sərgilənən qətiyyətli, prinsipial və uzaqgörən xətt öz bəhrəsini göstərir. Azərbaycan hazırda dünya siyasi arenasında və beynəlxalq aləmdə ərazi baxımından kiçik, lakin proseslərə təsiri baxımından mühüm aktor hesab edilir.
Rəsmi Bakı xarici təhdidlərə boyun əymədiyi kimi, bir çox hallarda lazımi siyasi və diplomatik cavablar verir, ictimai dəstəyi almağı bacarır. Burada isə ölkə başçısının fərdi diplomatik bacarıqları, habelə qısa zamanda dərin dostluq əlaqələri qura bilməsi diqqət çəkir. Məsələn, ABŞ–Azərbaycan münasibətləri Donald Trampın ikinci dəfə prezident seçilməsi ilə birlikdə tarixin ən yaxşı dövrünü keçirir.
İkincisi, ictimai rəydə diqqət çəkən digər məqam Prezident İlham Əliyevlə cəmiyyət arasında formalaşmış qarşılıqlı etimad münasibətidir. Ümumiyyətlə, bu, dövlət başçısının siyasi legitimliyinin əsas mənbələrindən biridir. Yəni xalqın dəstəyinə arxalanan, onun iradəsini ifadə edən lider heç bir zaman uduzmur.
Ölkə başçısının mütəmadi olaraq regionlara, işğaldan azad olunan ərazilərə səfər edib yerli sakinlərlə görüşməsi, onların dərdini dinləməsi, uşaqlar, qocalar və cəmiyyətin həssas təbəqəsi ilə bir arada olması bu etimadı daha da qüvvətləndirir. Xüsusilə qeyd edilməsi vacib bir məqam isə ölkə başçısının bu səfərlərində öz ailə üzvləri ilə birlikdə olmasıdır. Yəni dövlət başçısı öz ailəsi ilə birlikdə böyük ailəsi olan xalqı ilə görüşür, onları dinləyir. Bu isə bütün hallarda vətəndaşlar arasında ölkə başçısına rəğbəti, hörməti və sevgini artırır.
Üçüncüsü, sorğu iştirakçıları Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini də yüksək qiymətləndirirlər. Onların fikrincə, qətiyyətli qərarlar qəbul etmək bacarığı, mürəkkəb geosiyasi proseslərdə nümayiş etdirdiyi siyasi iradə və beynəlxalq platformalarda Azərbaycanın mövqeyini ardıcıl şəkildə müdafiə etməsi onun həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə nüfuzunu gücləndirən əsas amillər sırasındadır.
Dördüncüsü, Azərbaycanın son illərdə iqtisadi, hərbi və institusional baxımdan güclənməsi də ictimai etimadı şərtləndirən vacib faktordur. Ölkənin öz resurslarına söykənən inkişaf modelinin formalaşdırılması, müdafiə qabiliyyətinin artırılması və iqtisadi dayanıqlığın möhkəmləndirilməsi respondentlər tərəfindən müsbət qiymətləndirilir.
44 günlük Vətən müharibəsində dövlət başçısının yerli və xarici mətbuata ardıcıl müsahibələr verməsi, ölkəmizin haqq işini birinci şəxs kimi çatdırması, təxribat xarakterli suallara və ittihamlara baxmayaraq, müsahibələrdən qaçmaması bu gün də unudulmur. Həmçinin Prezident İlham Əliyevin dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə debatlardan qalib çıxması, habelə qatıldığı hər tədbir, konfrans və görüşdə səlis çıxışlar etməsi də xalq nəzərində ona olan etimadı artırır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı