Khamenei funeral V jpg 1280x720 4g 1

İranın Ali Rəhbəri Müctəba Xamenei atası Seyid Əli Xameneinin vida mərasimində iştirak etməyib. O, ötən gün həyat yoldaşının da vida mərasiminə qatılmayıb. Maraqlıdır ki, Xameneinin xalqa müraciətləri də sadəcə mətn formasında yayımlanır. Videomüraciət, səs yazısı, bir sözlə, heç bir canlı əlaqə yoxdur.

Ayətullah Xameneinin dəfninə bir sıra liderlər, dövlət adamlarının qatılmasına rəğmən, yeni ali rəhbər iştirak etmir. İran hökuməti bu qərarın təhlükəsizlik məqsədilə verildiyini açıqlayıb. Daha əvvəl İsrailin müdafiə naziri İsrael Katz Müctəba Xameneinin hədəf siyahısında olduğunu bildirmişdi.

Müctəba Xamenei haralardadır? Onun ölümü ilə bağlı iddialar doğrudur, yoxsa səbəb başqadır? Dəfn mərasimindən sonra İran üçün yeni mərhələ başlaya bilər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, dəfn mərasimi, şübhəsiz, yüksək təhlükəsizlik tədbirləri şəraitində keçiriləcək:

“Son ana qədər onun oğlunun, yeni ali liderin mərasimdə iştirak edəcəyi ehtimal olunsa da, sonradan qatılmayacağı barədə məlumat yayıldı. Müctəba Xameneinin iştirak etməməsi təhlükəsizlik səbəbləri ilə bağlı ola bilər. Bu isə müxtəlif dedi-qodulara və spekulyasiyalara yol açır. Çünki mərasimdə görünməməsi müəyyən suallar doğuracaq. Hər halda, onun hansı səbəbdən iştirak etmədiyi və bunun sağlamlığı, yoxsa başqa amillərlə əlaqəli olduğu bir müddət sonra məlum olacaq”.

oqtay qasimov 5
Oqtay Qasımov

Politoloq qeyd edib ki, Xameneinin qətlə yetirilməsindən sonra İranda faktiki olaraq yeni mərhələ başlayıb:

“Həmin dövrə qədər ölkəni idarə edən hərbi elita aradan götürülüb və hakimiyyət əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlində cəmləşib. Mövcud şəraitdə ölkədə hərbi diktaturanın hökm sürdüyünü demək olar. Hazırda İranın həm daxili, həm də xarici siyasətinin əsas istiqamətlərini məhz SEPAH müəyyən edir. Bu baxımdan, yeni mərhələnin başlanmasını yalnız dəfn mərasimindən sonrakı dövr kimi qiymətləndirmək düzgün olmaz”.

Politoloq Züriyə Qarayeva isə bildirib ki, İran rəsmilərinin dediyinə görə, Müctəba Xameneinin kütlə qarşısına çıxması həm mümkün sui-qəsd, həm də kəşfiyyat nəzarəti baxımından ciddi risk yaradır:

“Son aylarda İsrail rəsmilərinin sərt bəyanatları, Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması və təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə qaldırılması bu versiyanı gücləndirir”.

zuriye qarayeva 900x600 2
Züriyə Qarayeva 

Politoloq əlavə edib ki, bu dəfn mərasimi İran üçün təkcə dini mərasim deyil, həm də yeni siyasi dövrün simvolik başlanğıcı hesab oluna bilər:

“Dəfn başa çatdıqdan sonra diqqət tam şəkildə Müctəba Xameneinin hakimiyyət modelinə, SEPAH-ın sistemdəki real roluna, ABŞ və İsraillə qarşıdurmanın hansı xətt üzrə davam edəcəyinə yönələcək. Əgər mərasim böyük kütləvi iştirak və təhlükəsizlik insidentləri olmadan başa çatarsa, Tehran bunu rejimin legitimliyi və idarəetmə qabiliyyətinin nümayişi kimi təqdim etməyə çalışacaq. Əksinə, hər hansı ciddi təhlükəsizlik hadisəsi, yaxud daxili narazılıq əlamətləri yeni hakimiyyət dövrünün ilk sınağı kimi qiymətləndiriləcək. Bu baxımdan iyulun 9-dan sonrakı mərhələ İranın daxili siyasi arxitekturası və regiondakı strategiyası üçün mühüm dönüş nöqtəsidir”.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin cənazəsi vida mərasimindən sonra Quma parılacaq. İyulun 9-da isə Məşəddə dəfn olunacaq.

Ləman İmran
Globalinfo.az

Paylaş: