Image TG UPB 2 Putins Ambition 0 2

“Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində bu ölkədə yanacaq qıtlığı yaşanır, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və bu vəziyyət qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə də mənfi təsir edir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Rusiya hökuməti mövcud vəziyyətdən çıxış yolu kimi qonşularına müraciət etməyə başlayıb:

“Moskva Belarusdan sonra Qazaxıstandan da yanacaq-sürtkü materialları almaq istəyir. Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir. Çünki Rusiyanı yanacaqla təmin etmək beynəlxalq aləmdə bu ölkənin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəyi kimi qiymətləndiriləcək”.

E.Şahinoğlunun sözlərinə görə, Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür:

“Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: “Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər”. Astana bütün riskləri hesablamaq məcburiyyətindədir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: