Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Bakıya səfəri zamanı maraqlı fikirlər səsləndirib. O, “Qlobal Qapılar” Sərmayə Proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələrinə 200 milyon avroya qədər qrant ayrılacağını bildirib.
Sitat: “Bu vəsait dövlət və özəl investisiyalar hesabına ümumilikdə 2 milyard avroya qədər maliyyənin cəlb olunmasına imkan yarada bilər”.
Bu investisiyalar Azərbaycan və regionun iqtisadi inkişafına hansı töhfələr verə bilər?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, Leyenin Azərbaycana səfəri və İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycanın Avropa ilə əməkdaşlığının və regiondakı strateji rolunun növbəti təsdiqi kimi qiymətləndirilməlidir:
“Bu səfər göstərir ki, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün təkcə etibarlı enerji tərəfdaşı deyil, həm də regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biridir. Məlumdur ki, Aİ üzv dövlətlərin iqtisadi və siyasi inkişafında mühüm rol oynayan bir qurumdur. Ursula fon der Leyenin səfəri zamanı “Qlobal Qapılar” təşəbbüsü çərçivəsində Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunun inkişafına dəstək verilməsi ilə bağlı mesajlar da bunu təsdiqləyir. Bu təşəbbüsün əsas məqsədi Avropanın yeni beynəlxalq nəqliyyat-kommunikasiya marşrutlarına inteqrasiyasını sürətləndirmək və ticarət əlaqələrini genişləndirməkdir”.
İ.Hüseynli qeyd edib ki, səfər zamanı diqqət çəkən əsas məqamlardan biri Ermənistan-Azərbaycan sülh prosesinin sürətləndirilməsi və regionda nəqliyyat kommunikasiyalarının, xüsusilə də dəmir yolu əlaqələrinin bərpasına Aİ-nin dəstək verməyə hazır olmasıdır:
“Bu, Avropanın Cənubi Qafqaz vasitəsilə yeni logistika dəhlizlərinə çıxış əldə etmək marağından irəli gəlir. Söhbət Asiyanı Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya birləşdirən yeni beynəlxalq nəqliyyat dəhlizindən gedir. Bu marşrut tarixi İpək Yolunun müasir və daha rəqabətqabiliyyətli forması kimi qiymətləndirilə bilər. Sabitlik olmadan belə irimiqyaslı layihələrin reallaşdırılması mümkün deyil. Bu layihələr Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli və təhlükəsiz təşkilinə imkan verəcək”.
İlqar Hüseynli
Ekspertin sözlərinə görə, bu proses Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artıracaq, regionun iqtisadi inteqrasiyasını gücləndirəcək və xarici təsirlərdən asılılığın azalmasına xidmət edəcək:
“Bu baxımdan Avropa İttifaqının və Qərb dövlətlərinin maraqları regionda sülhün və sabitliyin təmin olunması ilə üst-üstə düşür. Bu investisiyaların Azərbaycan üçün də mühüm üstünlükləri var. İlk növbədə, iri infrastruktur layihələri – o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və nəqliyyat infrastrukturunun inkişafı daha sürətlə həyata keçirilə bilər. Bu isə dövlət büdcəsinin yükünü azaldar.
İkinci mühüm məqam Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsidir. Asiya ilə Avropanı birləşdirən əsas marşrutlardan birinə çevrilmək tranzit daşımalarından əldə olunan gəlirlərin artmasına şərait yaradacaq.
Üçüncü vacib amil isə milli təhlükəsizlik və iqtisadi dayanıqlılıqdır. Nəqliyyat kommunikasiyalarının bərpası Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.
Müsahib əlavə edib ki, nəticə etibarilə, Aİ-nin regiona yönələn investisiyaları təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyan təşəbbüslərdir:
“Azərbaycan bu prosesdə həm etibarlı tərəfdaş, həm də Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirə bilər”.
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, hazırda Cənubi Qafqazda əsas diqqət mərkəzində olan istiqamətlərdən biri nəqliyyat-logistika və enerji dəhlizlərinin inkişafıdır:
“Avropa İttifaqının bu sahəyə marağı yüksəkdir və bu, təkcə neft və qazla məhdudlaşmır. Yaşıl enerji, elektrik enerjisi, nəqliyyat və logistika layihələri də Aİ üçün strateji əhəmiyyət daşıyır.
Natiq Cəfərli
Azərbaycan isə artıq regionun əsas logistika mərkəzlərindən birinə çevrilir və Orta Dəhlizin əsas iştirakçılarındandır”.
İqtisadçı hesab edir ki, ayrılacaq maliyyə vəsaitləri səmərəli və şəffaf şəkildə yönəldilərsə, bu, yeni iş yerlərinin yaradılmasına, infrastrukturun inkişafına və investisiya mühitinin yaxşılaşmasına ciddi töhfə verə bilər.
Zaira Akifqızı
Globalinfo.az