Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana səfər edib. O, Prezident İlham Əliyevlə görüşüb, hər iki lider mətbuata birgə bəyanatla çıxış ediblər.
Səfərin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Cənubi Qafqazda sülhün möhkəmlənməsi istiqamətində hansı faydaları və töhfələri verəcək?
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, bu, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərini tamamilə yeni mərhələyə yüksəldir:
“Bənzər ifadəni xanım Lyayen də səsləndirdi. Məsələnin mahiyyəti göründüyündən daha böyükdür. Çünki söhbət, nəticə etibarilə, Cənubi Qafqazın Avropaya inteqrasiyasından gedir. Burada iki əsas istiqamət ön plana çıxır. Birincisi, Cənubi Qafqazın iqtisadiyyatı, kommunikasiya xətləri və enerji mənbələrinin Avropa ilə inteqrasiyasıdır. İkincisi isə xanım Lyayenin də qeyd etdiyi kimi, Azərbaycan üzərindən qurulacaq bağlantılar vasitəsilə Orta Asiyanın Avropa ilə əlaqələndirilməsidir. Yəni Aİ, Cənubi Qafqaz və Orta Asiya arasında münasibətlərdə tamamilə yeni tarixi mərhələ başlayır”.
Deputat bildirib ki, görüşdə Azərbaycan-Aİ münasibətləri ikitərəfli formatda müzakirə olundu:
“Eyni zamanda, münasibətlərin perspektivləri dəyərləndirildi. Artıq razılaşdırılmış layihələrin icra mərhələsinə başlanması ilə bağlı qərarlar qəbul edildi. Bu, məsələnin bir tərəfidir. İkinci tərəf isə Azərbaycan Prezidentinin istifadə etdiyi “bağlantı layihələri” anlayışı ilə bağlıdır. Bu layihələr strateji əhəmiyyət daşıyır. Burada coğrafi məkanlar birbaşa qeyd edilməsə də, bu anlayışın mahiyyəti ilk növbədə Zəngəzur dəhlizi, Transxəzər bağlantısı, yəni Türkmənistan-Azərbaycan əlaqəsi, həmçinin Naxçıvan üzərindən Ermənistanla mümkün bağlantını əhatə edir. Bu bağlantıların sayını artırmaq da mümkündür. Məsələn, Türkiyə üzərindən Ermənistanla əlaqələrin qurulması da bu çərçivəyə daxildir. Bütün bunlar Cənubi Qafqazın Avropaya inteqrasiyası istiqamətində atılan mühüm addımlardır. Çünki bu bağlantılar və qlobal keçid imkanları olmadan həmin inteqrasiyanı həyata keçirmək mümkünsüzdür. Təkcə bağlantılar kontekstindən yanaşdıqda belə, bu prosesin mühüm tarixi hadisə olduğu görünür”.
Hikmət Babaoğlu qeyd edib ki, digər mühüm məsələ isə Avropanın maliyyə resursları və siyasi mexanizmlərlə bu prosesdə iştirakıdır:
“Xanım Lyayen bildirdi ki, ilkin mərhələdə 200 milyon avroyadək qrant ayrılacaq, sonrakı mərhələdə isə bağlantı layihələri üçün ayrılacaq vəsaitin həcmi 2 milyard avroya qədər artırıla bilər. Doğrudur, bu vəsaitin qrant, yoxsa güzəştli kredit şəklində veriləcəyi hələ açıqlanmayıb. Bununla bağlı konkret məlumat səsləndirilmədi. Lakin istənilən halda Avropa maliyyəsinin bu layihələrdə iştirakı onların etibarlılığı, daha qısa müddətdə icrası və təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Ləman İmran
Globalinfo.az