Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-mayor Burhan Aktaşın rəhbərliyi ilə qardaş ölkənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarının rəhbər və professor-müəllim heyəti, eləcə də həmin təhsil müəssisələrində keçirilən “Qərargahın idarə olunması kursu”nun dinləyiciləri ölkəmizdə səfərdədir.
Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.
Səfərin planına uyğun olaraq nümayəndə heyəti ilə görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərin hərbi təhsilin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi hərbi qulluqçuların peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır.
General-mayor B.Aktaş qarşılıqlı etimad və dostluğa söykənən münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin vacibliyini qeyd edib.
Görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar müzakirə olunub.
Tərəflər, həmçinin peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.




