Azərbaycanda kafe və restoranlara tədarük edilən yerli istehsal çəllək pivələrinin qiymətinin iyulun 1-dən etibarən artacağı bildirilir. Məlumata görə, 30 litrlik çəlləyin qiyməti 60 manata, 50 litrlik çəlləyin qiyməti isə 100 manata yüksələcək. Bununla yanaşı, Dövlət Vergi Xidməti pivə istehsalı və satışı sahəsində nəzarəti gücləndirib. Qurumun açıqlamasına əsasən, aparılan yoxlamalar zamanı uçotdan gizlədilən gəlirlər, eləcə də sənədləşdirilməmiş xammal dövriyyəsi ilə bağlı ciddi pozuntular aşkarlanıb. Ekspertlərin fikrincə, həm qiymət artımı, həm də vergi nəzarətinin sərtləşdirilməsi iaşə sektorunda qiymətlərə və bazarın fəaliyyətinə təsirsiz ötüşməyəcək.
Dövlət Vergi Xidmətinin pivə istehsalı və satışı sahəsində nəzarəti gücləndirməsi bazara necə təsir göstərəcək? Qiymət artımı kafe və restoranlarda pivənin satış qiymətlərinə hansı səviyyədə təsir edə bilər?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, bu cür tənzimləmələr dövlətin fiskal siyasəti və uçot sisteminin daha effektiv təşkil olunması baxımından müsbət addım hesab oluna bilər, lakin praktikada, Azərbaycan kimi həssas iqtisadiyyatlarda belə qərarların müəyyən yan təsirləri də müşahidə oluna bilər:
“Məsələ ondadır ki, bazarda əlavə tənzimləmə mexanizmləri tətbiq edildikdə, bu, əksər hallarda istehsalçıların maya dəyərinin artmasına səbəb olur. Maya dəyərinin artması isə son nəticədə məhsulun satış qiymətinə təsir göstərir. Pivə məhsulları bazarında da bütün istehsalçılar eyni imkan və maliyyə resurslarına malik deyillər.
Asif İbrahimov
Buna görə də yeni tənzimləmələrin qısamüddətli perspektivdə qiymət artımına səbəb olması istisna deyil. Sadə bir nümunə götürək. Tutaq ki, istehsalçı 100 ədəd yarım litrlik banka pivə istehsal edir. Bu məhsulun üzərinə qablaşdırma, vergi və rüsumlar, icarə haqları, əməkhaqqı və digər istehsal xərcləri əlavə olunur. Yeni tənzimləmələr də əlavə xərc yaratdıqda, istehsalçı və satıcı bu yükü müəyyən qədər satış qiymətinə yansıtmağa çalışacaq. Nəticədə restoranlarda, kafelərdə və digər satış məntəqələrində qiymətlərdə artım müşahidə olunacaq”.
İqtisadçı deyib ki, digər tərəfdən, uzunmüddətli perspektivdə bu addımlar dövlətin uçot və nəzarət sisteminin təkmilləşdirilməsinə xidmət edə bilər:
“Maliyyə əməliyyatlarının daha şəffaf aparılması, vergidən yayınma hallarının azalması və bazarda şəffaflığın artması baxımından bunun müsbət nəticələri ola bilər. Yəni məsələyə iki prizmadan yanaşmaq lazımdır. Hökumətin baxış bucağından bu tənzimləmələr şəffaflığın artırılması, uçotun düzgün aparılması və vergidən yayınmanın qarşısının alınması baxımından faydalıdır. İstehlakçı baxımından isə hər bir əlavə tənzimləmə əlavə xərc yaradır və bu xərclər son nəticədə məhsulların qiymətinə təsir göstərmiş olur”.
Zaira Akifqızı
Globalinfo.az