11 iyul – Ümumdünya Əhali Gününü həsr edilmiş “Gender-əsaslı cins seçimi (selektiv abort) ilə mübarizə kampaniyası” çərçivəsində məlumat sessiyasılarına qeydiyyat başlayıb.
Globalinfo.az xəbər verir ki, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gender Hub Azərbaycan” tərəfindən təşkil olunan “Gender-əsaslı Zorakılıqla Mübarizədə Medianın Rolu: Gender Əsaslı Cins Seçimi” cəmiyyətin diqqətinin mövcud gender problemlərinə yönəldilməsi, gender bərabərliyi ilə bağlı məlumatlılığın artırılması və uzunmüddətli davranış dəyişikliklərinin təşviqini hədəfləyir.
Layihə çərçivəsində “Gender-əsaslı cins seçimi ilə mübarizə” məqsədilə həyata keçirilən məlumat sessiyaları üçün qeydiyyat açıq elan olunur. Layihə ölkənin müxtəlif regionlarında məlumat sessiyaları vasitəsilə cins seçiminin yaratdığı sosial problemlərə diqqət çəkməyi və gender bərabərliyini təşviq etməyi hədəfləyir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkədə doğum zamanı cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.
Bu göstərici cəmiyyətdə oğlan uşaqlarına üstünlük verilməsi tendensiyasının hələ də mövcud olduğunu göstərir. Mövcud cins nisbətinin belə davam etməsi təhsildə daha geniş gender bərabərsizliyi, əmək bazarında qadınların nisbətinin azalması, ictimai həyatın bütün sahələrində daha az gender müxtəlifliyi ilə nəticələnəcək ki, bu da insan alveri daxil olmaqla cinayət səviyyəsinin, gender əsaslı zorakılıq və siyasi qeyri-sabitliyə gətirib çıxaracaq. Bununla yanaşı, bu yanaşma sağlam ailə dəyərlərinin formalaşmasına mənfi təsir edərək, ailə daxilində uşaqlara qarşı ayrı-seçkiliyin normallaşdırılmasına şərait yaradır.
Qeyd olunan nəticələrinin qarşısının alınması məqsədilə təşkil olunacaq məlumat sessiyaları gender-əsaslı cins seçiminin səbəbləri və nəticələri, eləcə də onun gender bərabərliyinə təsiri barədə iştirakçıların məlumatlılığını artırmağı qarşıya məqsəd qoyur. Sessiyalar çərçivəsində stereotiplərin aradan qaldırılması, qız uşaqlarına qarşı mövcud önyarğıların azaldılması və inklüziv yanaşmaların təşviqi əsas müzakirə mövzuları olacaq.
Məlumat sessiyalarının keçiriləcəyi tarix və məkanlar:
- Şəmkir rayon Heydər Əliyev Mərkəzi – 7 iyul, saat 11:00 – 13:00
- Quba rayon Heydər Əliyev Mərkəzi – 8 iyul, saat 11:00 – 13:00
- Masallı rayon Heydər Əliyev Mərkəzi – 9 iyul, 11:00 – 13:00
- Cəlilabad rayon Heydər Əliyev Mərkəzi – 9 iyul, saat 11:00 – 13:00
- Bakı Gənclər Mərkəzi – 13 iyul, saat 14:00 – 16:00
Məlumat sessiyaları yarım günlük (2 saat) formatda təşkil olunacaq və hər şəhər/rayon üzrə təxminən 200 iştirakçının cəlb edilməsi nəzərdə tutulur.
Kimlər iştirak edə bilər:
- Müəllimlər və məktəb direktorları;
- Həkimlər və səhiyyə işçiləri;
- Psixoloqlar;
- Hüquqşünaslar;
- İcma liderləri;
- Gənc ailələr;
- Gənclər;
- Mövzu ilə bağlı fəaliyyət göstərən və ya marağı olan digər şəxslər.
“Gender Hub Azerbaijan” komandası olaraq bütün maraqlı tərəfləri bu mühüm sosial məsələnin həllinə töhfə vermək üçün məlumat sessiyalarında iştirak etməyə dəvət edirik. Hər kəsi “Gender əsaslı cins seçimi ilə mübarizə” kampaniyamıza qoşulmağa və gender əsaslı cins seçiminə səbəb olan gender steriotipləri/zərərli inanclar ilə mübarizə aparmağa dəvət edirik!
Qeydiyyat linki: https://forms.gle/fBWc6tdHh4n27hQq9 (iştirak üçün qeydiyyat mütləqdir)
Əlaqə nömrəsi: +994559798963
#QızımOlsun #GenderBərabərliyi
