Lukasenko Putin 900x487 1

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan sonra Çinə qəfil səfəri siyasi və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Lukaşenkonu xəbərdar etmişdi. Zelenski söyləmişdi ki, Lukaşenko ölkəsinin ərazisindən Rusiyanın Ukraynaya dron və raket zərbələrinə dəstək verən stansiyaların fəaliyyətini dayandırmasa, Ukrayna qonşu ölkəyə zərbə endirəcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Zelenskinin sözləri açıq-aşkar Lukaşenkonu qorxudub:

“Çünki Rusiya ilə müharibədə güclənmiş Ukrayna ordusu Belarusdə istənilən hədəf neytrallaşdırmaq imkanına malikdir. Belaruslu generallar isə qonşu Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko bilir ki, Ukraynanın ölkəsinə zərbələri onun hakimiyyətini zəiflədəcək. Odur ki, Aleksandr Lukaşenko ard-arda açıqlamalar verməyə başladı, hətta müsahibələrinin birində vaxtilə Zelenskini təhqir etdiyinə görə Ukrayna Prezidentindən üzr istədi. Lukaşenko “biz müharibə istəmirik” fikrini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qaldı. Bundan sonra Zelenski açıqlama verdi ki, Belarus ərazisindəki stansiyalar fəaliyyətlərini dayandırıblar. Ancaq bu dəfə Lukaşenkoya təzyiq rusiyalı həmkarı və patronu Vladimir Putindən gəldi. Rusiya Ukraynaya qarşı müharibədə Belarus ərazisinin imkanlarından imtina etmək istəmir. Buna görə də Putin Lukaşenkonu Kremlə çağırdı. İkili arasında qapalı danışıqlar getdi. Rusiya tərəfi danışıqların predmeti barədə mətbuata məlumat vermədilər”.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır:

“Belarus prezidenti belə vəziyyətdə Pekinə səfər etməyi lazım bildi. Lukaşenko sonuncu dəfə Çində 2025-i ilin sentyabrında olub, həmin tarixdə Pekində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib. Çin lideri Si Cinpin dostu adlandırdığı Lukaşenkoyla söhbətdə ölkəsinin Belarusun suverenliyini və müstəqilliyini müdafiə edəcəyini bildirib. Bu nə deməkdir? Çin Belarusu Ukraynanın mümkün həmlələrindən, yoxsa Rusiyanın təzyiqlərindən qoruyacaq? Çətin.

Çin Rusiya və Belarusla tərəfdaşlıq münasibətlərinə malik olsa da, Ukrayna müharibəsində Kremli və ya Minski dəstəkləməkdən ehtiyat edir. Pekinin Qərb ölkələri ilə münasibətləri hamar olmasa da, Vaşinqton və Brüsellə körpüləri yandırmaq istəmir. Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin RusiyaUkrayna müharibəsini dayandırmaq üçün Moskvaya olan təsir imkanlarından istifadə etmək istəməməsindən narazıdır. Məsələn, Pekin Minskə dəstəyini ifadə etsə də, qapalı danışıqlarda Belarus prezidentinə “Sən müharibəyə qarışma, kənarda qal” məsləhətini verə bilər. Ancaq Si Cinpin açıq şəkildə bildirib ki, Çin Belarusun suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə hazırdır. Pekinin sözdə dəstəyi heç nə ifadə etmir. Lukaşenko RusiyaUkrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə, Çin Belarusun köməyinə gəlməyəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: