***10:11
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.
Globalinfo.az xəbər verir ki, Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib.
Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.
Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.
Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.
Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif xidmətlər göstərilir. Müəssisədəki uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.
***
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində İncəsənət Məktəbinin yeni istifadəyə verilən binası ilə tanış olub.
Leyla Əliyevaya İncəsənət Məktəbi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 1938-ci ildə tikilən bina ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa edilib.
İki korpusdan ibarət təhsil müəssisəsi 430 şagird yerlikdir. Məktəb zəruri mebel və avadanlıqlar, həmçinin əyani vəsaitlərlə təchiz edilib.
Burada musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana, yeməkxana müəllim və uşaqların istifadəsinə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
***
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhər Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında olub.
Burada Leyla Əliyevaya ərazidə görüləcək bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Bildirilib ki, 1951-ci ildə salınan parkda bir sıra əsaslı bərpa və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd olunub ki, parkın ərazisində vaxtilə şəhər sakinlərinin və qonaqların ən sevimli istirahət yeri olan, musiqi və teatr kollektivlərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin vaxtaşırı çıxış etdiyi “Yay teatrı” da fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, 1800 nəfərlik tamaşaçı yeri olan “Yay teatrı”nda 1975-1980-ci illərdə Azərbaycanın görkəmli estrada və opera müğənnisi Rəşid Behbudovun, Xalq artisti Zeynəb Xanlarovanın, dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olub, 1981-ci ildə Nəsibə Zeynalova və Hacıbaba Bağırovun iştirakı ilə teatr kollektivlərinin tamaşaları nümayiş etdirilib. Həmçinin 1982-1995-ci illərdə burada tanınmış xanəndə və müğənnilər Əlibaba Məmmədov, Məhəbbət Kazımov, Məmmədbağır Bağırzadə, Mələkxanım Əyyubova, Nisə Qasımova, Səxavət Məmmədov, Zaur Rzayev və digərlərinin konsertləri keçirilib.
Park ərazisində aparılan təmir işləri çərçivəsində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin büstü parkdan götürülərək bərpa olunub və yenidən həmin istirahət məkanına qoyulub.
Qeyd olunub ki, bərpa işləri zamanı əsas hədəf freskaları, yerli heykəltaraşların əsərlərini, teatrı bərpa etmək, tamaşaçıları bura yenidən qaytarmaq, parkı ailə istirahət məkanına çevirməkdir.
***
İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş “Onlardan biri: Emil” adlı anım tədbiri keçirilib.
Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, “Ürəkdən Qana” layihəsinin rəhbəri Ayşən Abdullayevanın təşəbbüsü və layihənin ümumi rəhbəri Elvin Nüsrətoğlunun rəhbərliyi ilə təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Tədbirin əsas məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və bu xəstəlik səbəbindən həyatını itirmiş övladların əziz xatirəsinə ehtiramın ifadə olunması, eyni zamanda cəmiyyətin diqqətini talassemiya probleminə yönəltmək olub.
Anım gecəsində Emilin həyat yolunu, duyğularını, arzularını və ailəsinin yaşadığı hissləri əks etdirən müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib. Səhnədə təqdim olunan “Pərvanə”, “Kamin”, “Adagio”, “Mən səni axtararam”, “Luna” və bağlanışda səsləndirilən “Sob a Sol” (“Günəşin altında”) kompozisiyaları tamaşaçılar tərəfindən böyük duyğu ilə qarşılanıb. Təqdim olunan səhnə nömrələri həyatın, ümidin, sevginin və yaşamağın dəyərini özündə əks etdirib.
Tədbir çərçivəsində Emilin həyatından bəhs edən, onun xatirələrini yaşadan xüsusi hazırlanmış süjetlər, o cümlədən “Onlardan biri: Emil” layihəsi çərçivəsində keçirilən tədbirlərə dair videoçarxlar nümayiş olunub.
Tədbirin sonunda çıxış edən “Ürəkdən Qana” layihəsinin rəhbəri və “Onlardan biri: Emil” layihəsinin təşəbbüskarı Ayşən Abdullayeva ölkəmizdə talassemiyalı xəstələrə göstərilən diqqətdən bəhs edib, dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Bildirilib ki, talassemiya ilə yaşayan insanlar hər gün böyük mübarizə aparırlar. Onların həyata ümidini artıran ən qiymətli kömək isə dövlətlə yanaşı, cəmiyyətin diqqəti, qayğısı və könüllü qan donorlarının fədakarlığıdır. O qeyd edib ki, bu kimi layihələr yalnız anım xarakteri daşımır, eyni zamanda, talassemiya xəstələri və onların ailələrinə mənəvi dəstək göstərmək, cəmiyyətdə həmrəylik və sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, “Onlardan biri: Emil” layihəsi talassemiya mövzusuna həsr olunmuş silsilə tədbirlərin yekun mərhələsi olub. Layihə iyunun 18-də keçirilən “Talassemiya – Cəmiyyətə bir mesaj” adlı konfransla start götürüb. Konfrans çərçivəsində talassemiya xəstəliyi, onun fəsadları, profilaktikası və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Layihənin növbəti mərhələsi olaraq iyunun 19-20-də “Talassemiya – Qan Birliyi” adlı qanvermə aksiyası təşkil olunub. Aksiyada ümumilikdə 465 nəfər iştirak edib. Tibbi müayinələrdən sonra 163 nəfər donor olaraq qan verib. Toplanan qan ehtiyatı talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə istifadəyə yönləndirilib.
Layihə çərçivəsində həyata keçirilən bütün tədbirlər cəmiyyətin diqqətini talassemiya probleminə yönəltmək, könüllü qan donorluğunu təşviq etmək və xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmaq məqsədinə xidmət edib.
Tədbirdən sonra Emilin ailə üzvlərinə baş çəkən Leyla Əliyeva onlarla çay süfrəsi ətrafında səmimi söhbət edib.
***
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın ən qədim sənaye müəssisələrindən və milli ipəkçilik irsinin əsas simvollarından biri olan “Azəripək” ASC-də olub.
Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mədəni irsin qorunması, ənənəvi sənətkarlığın inkişafı, qeyri-neft sənayesinin gücləndirilməsi və “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti çərçivəsində “Azəripək” ASC xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisə bir əsrdən artıq tarixə malik olmaqla, bu gün də ölkədə təbii ipək istehsalını həyata keçirən yeganə ipək kombinatıdır.
“Azəripək” ASC yalnız istehsal müəssisəsi deyil, həm də Azərbaycanın zəngin ipəkçilik ənənələrinin, milli sənətkarlığının və mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsində mühüm missiya yerinə yetirən strateji sənaye kompleksidir. Müəssisə ekoloji cəhətdən təmiz, tam təbii xammala əsaslanan istehsal prinsiplərinə sadiq qalaraq yaşıl iqtisadiyyatın inkişafına töhfə verir və Azərbaycan ipəyini dünya bazarlarında layiqincə təmsil edir.
Qeyd olunub ki, “Azəripək” ASC-nin fəaliyyəti sayəsində Azərbaycanın 40-dan çox rayonunda minlərlə kümçü və fermer baramaçılıqla məşğul olur, müəssisənin özündə isə 400-dən artıq əməkdaş çalışır. Müəssisə regionlarda məşğulluğun artırılmasına, kənd təsərrüfatının inkişafına və ipəkçilik sahəsində dayanıqlı dəyər zəncirinin formalaşdırılmasına mühüm töhfə verir.
Səfər çərçivəsində Leyla Əliyeva müəssisənin barama emalı sexinə, toxuculuq sexinə və Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli kəlağayı sənətinin yaşadıldığı emalatxanaya baş çəkib. O, təbii Azərbaycan ipəyinin istehsalının bütün mərhələləri, qədim sənətkarlıq ənənələrinin müasir texnologiyalarla qorunaraq inkişaf etdirilməsi prosesi ilə yaxından tanış olub.
Leyla Əliyeva müəssisənin əməkdaşları ilə səmimi söhbət edib, onların peşəkarlığını və milli ipəkçilik ənənələrinin qorunması istiqamətində gördükləri işi yüksək qiymətləndirib, kollektivlə xatirə şəkilləri çəkdirib.
Sonda Leyla Əliyevaya kəlağayı hədiyyə olunub.
Bu ziyarət Azərbaycanın milli irsinə, ipəkçilik sənayesinə və yüzillik ənənələrə malik “Azəripək” ASC-nin fəaliyyətinə göstərilən yüksək diqqət və ehtiramın növbəti təzahürü olmaqla yanaşı, ölkəmizdə milli istehsalın, ekoloji cəhətdən təmiz məhsulların və ənənəvi sənətkarlığın inkişafına verilən önəmin bariz nümunəsi kimi qiymətləndirilir.


















































