Azərbaycan işğaldan azad olunmuş ərazilərdə xəstəlikdən azad zonalar yaratmağı və həmin ərazilərdən dünya bazarına ət və ət məhsulları ixrac etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Xəzər TV”yə birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, qarşıdakı beş il üçün əsas hədəflərdən biri ölkədə heyvanların identifikasiya sisteminin tam tətbiqidir. AQTA sədri bildirib ki, indiyədək 1 milyon 20 mindən çox heyvan identifikasiya olunaraq qeydiyyata alınıb.
“Fəaliyyətimiz dövründə artıq 1 milyon 20 min baş heyvanın identifikasiyası həyata keçirilib və onlar qeydiyyata alınıb. Hazırda isə Prezidentin müvafiq sərəncamına əsasən, 2027–2030-cu illər ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların identifikasiyası dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu tədbir bizə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların, eləcə də onlardan əldə olunan məhsulların tam izlənməsini təmin etməyə imkan verəcək. Çünki heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil, identifikasiya sistemi olmadan isə heyvan sağlamlığının effektiv idarə olunması mümkün deyil”.
Onun sözlərinə görə, bu sistem sayəsində həm idxal olunan, həm də Azərbaycanda doğulan heyvanlar doğulduqları gündən etibarən izlənəcək. Onların keçirdiyi xəstəliklər, vurulan vaksinlər, tətbiq edilən baytarlıq preparatları, eləcə də tələfat səbəbləri vahid məlumat bazasında əks olunacaq.
AQTA sədri vurğulayıb ki, sistem təkcə heyvanların deyil, onlardan əldə olunan məhsulların da izlənməsinə imkan verəcək. Beləliklə, satış şəbəkələrində və ictimai iaşə obyektlərində təqdim olunan ətin, eləcə də emal müəssisələrində istehsal edilən ət məhsullarının mənşəyini və hərəkət trayektoriyasını izləmək mümkün olacaq.
Qoşqar Təhməzli əlavə edib ki, bu mexanizm Dövlət Proqramında nəzərdə tutulduğu kimi, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda xəstəlikdən azad zonaların yaradılmasına imkan yaradacaq.