Son günlər dünyada baş verən qeyri-adi hadisələr diqqət çəkir. Venesuelada qısa fasilə ilə iki güclü zəlzələ baş verib, İranda da oxşar yeraltı təkanlar qeydə alınıb. Avropa rekord istilər və güclü fırtınalarla mübarizə aparır. Digər tərəfdən, Səudiyyə Ərəbistanında səhranın ortasında balıqlarla dolu çay əmələ gəldiyi iddia edilib, görüntülər sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Bütün bunlar sadəcə təsadüfdür, yoxsa dünyada həqiqətən də qeyri-adi ekoloji proseslər başlayıb? Daha nələr görəcəyik?
Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, elm bu məsələyə ehtiyatla yanaşır:
“Müxtəlif qitələrdə baş verən zəlzələlərin bir-biri ilə birbaşa əlaqəsi yoxdur. Yer qabığında hər bir zəlzələ öz tektonik plitələrinin hərəkəti nəticəsində baş verir və minlərlə kilometr uzaqda qeydə alınan digər zəlzələləri birbaşa tətikləmir. Məsələn, Venesueladakı iki güclü zəlzələ “seysmik dublet” adlanan nadir hadisədir. Birinci zəlzələ yaxınlıqdakı qırılma xəttində gərginliyi artıraraq ikinci, yəni daha güclü təkanı yarada bilər. Lakin bunun İran və ya digər regionlarda baş verən zəlzələlərlə elmi cəhətdən sübut olunmuş əlaqəsi yoxdur”.
Ekoloq bildirib ki, iqlim hadisələrində isə vəziyyət fərqlidir:
“Son illərdə qlobal istiləşmə nəticəsində atmosferdə, okeanlarda toplanan əlavə istilik enerjisi ekstremal hava hadisələrinin daha tez-tez və intensiv baş verməsinə səbəb olur. Avropada rekord temperatur, güclü istilik dalğaları, leysan yağışları və fırtınaların artması alimlərin uzun illərdir xəbərdarlıq etdiyi iqlim dəyişikliklərinin real nəticələridir. Səudiyyə Ərəbistanında səhrada yaranan su axınları da ilk baxışdan qeyri-adi görünsə də, əksər hallarda qısamüddətli və çox güclü yağışlardan sonra yaranan mövsümi sel hadisələridir. Belə ərazilərdə su ilə birlikdə balıqların görünməsi isə yaxınlıqdakı su hövzələrindən daşqın nəticəsində daşınması ilə izah oluna bilər. Bu görüntüləri fövqəltəbii hadisə kimi qiymətləndirmək doğru deyil”.
İradə Həsənova
Ekspertin sözlərinə görə, qarşıdakı illərdə uzunmüddətli istilik dalğaları, intensiv yağışlar, quraqlıqlar, meşə yanğınları, daşqınlar və sahilboyu ərazilərdə dəniz səviyyəsinin yüksəlməsi kimi hadisələrin artması ehtimalı yüksəkdir:
“Alimlər artıq bununla bağlı xəbərdarlıq edir. Bu dəyişikliklər xüsusilə şəhərlərin planlaşdırılması, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və insanların sağlamlığı üçün ciddi çağırışlar yaradır. Azərbaycan da bu proseslərdən kənarda deyil. Son illərdə ölkədə temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması və bəzi bölgələrdə intensiv leysanların artması müşahidə olunur. Bu səbəbdən iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması və su ehtiyatlarından səmərəli istifadə gələcəyin əsas prioritetləri sırasında olmalıdır. Buna görə də həm dövlət qurumları, həm də vətəndaşlar ekoloji məsuliyyətə daha ciddi yanaşmalıdırlar”.
Ləman İmran
Globalinfo.az