Prezident İlham Əliyevin iyulun 7-8-də Ankarada keçiriləcək NATO zirvəsində iştirak edəcəyi barədə xəbərlər yayılıb. Bu məlumatlar fonunda Azərbaycanın NATO ilə əməkdaşlığı yenidən müzakirə olunur. Rəsmi Bakı isə hər zaman NATO ilə arasında bəlli bir məsafə qoyub və üzvlük haqda müraciət məsələsi təkzib edilib.
Ankarada keçiriləcək NATO zirvəsində iştirak Bakı üçün kritik qərardırmı? Ölkə başçısının bu tədbirə qatılması Azərbaycanın yeni geopolitik yön alması ilə bağlı qərar olacaq, yoxsa sıradan bir iştirak kimi qəbul edilməlidir?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, NATO zirvəsində qlobal və regional təhlükəsizlik arxitekturasına təsir edəcək mühüm hərbi qərarların qəbul olunacağı gözlənilir:
“Bu baxımdan Azərbaycanın həmin qərarların qəbulunda birbaşa iştirakı və ya imzasının olması real görünmür. Çünki alyansa üzv olan 32 dövlətin kollektiv təhlükəsizlik məsələləri, o cümlədən Rusiya ilə müharibə şəraitində olan ölkələrin maraqları müzakirə edilir və Azərbaycanın bu prosesdə hansı formatda iştirak edəcəyi aydın deyil. Zirvədə həm Yaxın Şərq, həm də Şərqi Avropadakı hərbi vəziyyətin müzakirə ediləcəyi, eyni zamanda NATO-nun gələcək fəaliyyəti ilə bağlı qərarların qəbul olunacağı ehtimal edilir. Azərbaycan NATO ilə əməkdaşlıq etsə də, alyansın təhlükəsizlik sisteminin bir hissəsi deyil və onun öhdəliklərini üzərinə götürmür”.
Əziz Əlibəyli
Ekspert bildirib ki, NATO-nun öhdəliklərini qəbul etmək onun təhlükəsizlik risklərini də bölüşmək deməkdir:
“Bu isə Azərbaycanın Rusiya və İranla münasibətlərində əlavə gərginlik yarada bilər. Ona görə də Azərbaycan üçün ən uyğun yanaşma həm Rusiya, həm də NATO ilə münasibətlərdə balansı qorumaq, əməkdaşlığı qarşıdurmaya çevirmədən davam etdirməkdir”.
Ləman İmran
Globalinfo.az