putin nuve

Ukrayna Qərbin dəstəyi ilə Rusiyaya intensiv dron və raket hücumlarını davam etdirir. Bu hücumlar Moskva da daxil olmaqla, iri şəhərlərdə xeyli infrastrukturu sıradan çıxarıb. Nəticədə ölkədə ciddi böhran yaranıb. Benzin növbələri, təhlükəsizlik məsələləri hər gün daha çox artır. Üstəlik,, Kreml hücumun qarşısını almaqda acizdir. Ekspertlər iddia edirlər ki, Rusiya hökuməti buna taktiki nüvə silahı ilə cavab verməyi düşünür. Bundan başqa, Ukrayna müharibəsi başlayandan Rusiya Prezidenti Vladimir Putinin nüvə silahına əl atacağı barədə həm özünün, həm Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bir neçə bəyanatı olub.

Putinin “əli nüvə düyməsindədir”? Dünyanı belə bir qorxunc perspektiv gözləyir? Rusiya nüvə hücumuna əl atsa, qarşılığı necə olar?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Putinin “əli nüvə düyməsindədir” ifadəsi daha çox siyasi-psixoloji təzyiq alətidir:

“Ukraynanın Rusiyanın enerji və hərbi infrastrukturuna zərbələri Kremlin daxilində ciddi narahatlıq yaradır. Hətta Vladimir Putin yanacaq çatışmazlığını açıq etiraf edib. Lakin bu, avtomatik nüvə zərbəsi demək deyil. Nüvə silahından istifadə Rusiya üçün hərbi üstünlükdən çox, beynəlxalq təcrid, Çin və Hindistan kimi tərəfdaşların məsafə saxlaması və NATO ilə birbaşa toqquşma riskini artırar”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, Rusiya taktiki nüvə silahına əl atsa, Qərbin reaksiyası dərhal adekvat olmayacaq:

“Cavab Ukraynaya kəskin hərbi dəstək, Rusiyanın Qara dəniz və Ukraynadakı hərbi obyektlərinə dağıdıcı konvensional zərbələr, tam iqtisadi blokada və siyasi izolyasiya ola bilər. NATO açıq bildirir ki, nüvə müharibəsi qazanıla bilməz və Rusiyanın nüvə silahından istifadəsi müharibənin xarakterini kökündən dəyişərək Moskva üçün ağır nəticələr doğurar. Buna görə də qorxunc perspektiv nəzəri olaraq var, amma praktikada nüvə ritorikası Putinin son çıxış kartı və çəkindirmə mexanizmidir. Real istifadəsi isə Rusiyanın özünü də fəlakətə aparacaq addım olar”.

Ləman İmran
Globalinfo.az

Paylaş: