mezarliq

Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib.

Globalinfo.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov deyib.

    O bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə itkin vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir: “Bu məqsədlə 2021-ci ilin fevral ayından etibarən həmin ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb.

    30.06.2026-cı il tarixə olan məlumata əsasən, 893 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.

    Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başladığımız vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.

    30.06.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərinə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilib. Dəfn edilənlərdən 181 nəfəri hərbçi, 45nəfəri isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14 nəfəri qadın, 2 nəfəri isə azyaşlı olub”.

    Paylaş: