Globalinfo.az politoloq Natiq Miri ilə müsahibəni təqdim edir:
– Natiq bəy, məlum olduğu kimi, iyunun 28-də İsrail qondarma “erməni soyqırımı”nı tanıdığını elan edib. Azərbaycan Xarici İşlər Nazirliyi bunun ciddi narahatlıq doğuran hal olduğunu diqqətə çatdırıb və Təl-Əvivi qərarı yenidən gözdən keçirməyə çağırıb. Bu qərardan sonra Azərbaycan–İsrail münasibətləri kontekstində əlverişsiz vəziyyətin yarandığını demək mümkündür?
– Azərbaycan üçün əlverişsiz vəziyyət yaranmayıb. İsrailin bu addımı həqiqətin inkarına yönəlib və əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan üçün qəbuledilməzdir. Ermənilər türklərə qarşı soyqırım törədiblər, bunun əksi mövcud deyil. Bu məsələ tarixçi xristian alimləri tərəfindən də sübut olunub, kitablar yazılıb, hətta ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan (1981-1989) dövründə onun hüquqi müşaviri tərəfindən ciddi şəkildə araşdırılıb və arayış formasında prezidentə təqdim edilib. Orada bir cümlə ilə qeyd olunur ki, türklər ermənilərə deyil, ermənilər müəyyən dövlətlərin təhriki ilə türklərə qarşı soyqırımı törədiblər.
Azərbaycanın mövqeyi sadəcə həqiqətin ifadə edilməsidir. İsrailə də bu məsələdən çəkinmək çağırışı edilir. Bu, düşmənçilik mövqeyidir. Regiondakı gərgin münasibətlər kontekstində İsrail üçün o qədər də xoş perspektiv vəd etmir. Çünki Yaxın Şərqdə bu məsələlər hansısa mərhələdə normallaşacaq və yeni nizam formalaşacaq. Lakin bu cür qərəzli və həqiqətə söykənməyən siyasi qərarlar millətlərarası münasibətləri uzun müddət korlaya bilər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi də ondan ibarətdir ki, İsrail bu yanlış qərardan geri dönməlidir və gələcəyə yönəlik baxışla əməkdaşlıq üçün qapılar açıq saxlanılmalıdır.
– Natiq bəy, əslində, Azərbaycan bu addımı İsrailin əvəzinə Rusiyadan gözləyirdi. Buna yanaşmanız necədir?
– Rusiya ilə bağlı gerçək hər kəsə məlumdur. Rusiya azı beş dəfə Dövlət Duması və Federasiya Şurası çərçivəsində qondarma “erməni soyqırımı”nı tanıyıb. Bu, açıq düşmənçilik mövqeyidir. Kremlin etdikləri indi özünə qayıdır. Ermənistanda keçirilən parlament seçkiləri və erməni cəmiyyətindəki mövqelər bunu göstərir.

Natiq Miri
– Bəs, sözügedən məsələ Ermənistanın Baş naziri Nikol Paşinyan üçün nə vəd edir?
– Paşinyanın vəziyyətinə bu hadisə ciddi təsir etməyəcək. O, ən çətin dövrünü artıq keçib. Bütün təzyiqlərə, ittihamlara və dezinformasiyalara baxmayaraq, son parlament seçkilərində qalib gəlib və hökuməti təkbaşına formalaşdıracaq.
O, “soyqırım” və Qarabağ məsələsinin süni şəkildə gündəmə gətirildiyini, Ermənistanın müstəqil və suveren dövlət kimi formalaşmasının qarşısını almağa yönəldiyini hər zaman bildirib və bu siyasətini davam etdirir. Nikol Paşinyan bunu gizlətmədən açıq şəkildə ifadə edir.
Bu proseslər sıradan hadisə kimi qəbul edilməməlidir, çünki gələcəkdə erməni xalqının taleyinə təsir edən siyasi və ideoloji tendensiyaların formalaşması deməkdir. Onun fikrincə, Ermənistanın qarşısında dayanan əsas problem xarici təsirlərlə formalaşdırılmış bu cür süni gündəmlərdir.
Paşinyan anlayır ki, Ermənistanın müstəqil və suveren dövlət kimi təhlükəsizliyi və inkişafı üçün qonşu ölkələrlə sülh, əməkdaşlıq və ticarət şəraiti vacibdir. Türkiyə və Azərbaycan olmadan Ermənistanın sülhünü təmin etmək, blokadadan çıxmaq və beynəlxalq inteqrasiyanı gücləndirmək mümkün deyil.
Hazırda Ermənistanın İsraillə ciddi iqtisadi, ticarət və nəqliyyat əlaqələri də mövcud deyil. Lakin Azərbaycan və Türkiyə Ermənistan üçün əvəzolunmaz tərəfdaşlardır. Digər tərəfdən, Nikol Paşinyan bu məsələ ilə bağlı reallığa uyğun açıqlamalar verərsə, onun Türkiyə ictimaiyyəti və tərəfdaşları yanında nüfuzu arta bilər.
Safura Bənnayeva
Globalinfo.az