WhatsApp Image 2026 06 29 at 16.38.42

ABŞ Prezidenti Donald Tramp İranı hədələyib. Tramp sülh danışıqlarından sonra İranın atəşkəs razılaşmasını pozduğunu, buna görə o ölkənin raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar stansiyalarına zərbələr endirildiyini açıqlayıb. Tramp İranın hücumlara davam edəcəyi təqdirdə, ABŞ-ın onu məhv edəcəyini bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın Sirik istiqamətindəki zərbələrinin İranın Hörmüz boğazına nəzarət imkanlarına təsir göstərmədiyini qeyd edib. SEPAH da həmçinin ABŞ-ı hədələyib.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Trampın İranı açıq şəkildə hədələməsi ilk dəfə deyil:

“Yekun sülh sazişi əldə olunana qədər hələ bu cür bəyanatları çox eşidəcəyik. Anlaşma memorandumu hələ sülh sazişi demək deyil və tərəflərin üzərinə elə də böyük ölçüdə hüquqi öhdəliklər qoymur. Amma indiki mərhələdə, yəni danışıqlar dövründə qarşılıqlı bəyanatlar və bu şəkildə açıq hədələr regionda onsuz da kövrək olan təhlükəsizlik mühitini daha da gərginləşdirən amil kimi qiymətləndirilə bilər.

Geosiyasi baxımdan ABŞ və İran arasında münasibətlər onsuz da uzun illərdir qarşılıqlı təzyiq strategiyası üzərində qurulub. Vaxtaşırı sərt bəyanatlar, məhdud hərbi zərbələr və qarşılıqlı təhdidlər müşahidə olunsa da, tərəflər indiyədək genişmiqyaslı müharibədən yayınmağa üstünlük veriblər. Hər halda, 40 günlük qarşıdurmanı da genişmiqyaslı müharibə kimi qəbul etmək düzgün olmaz. Bunun əsas səbəbi belə bir münaqişənin nəticələrinin proqnozlaşdırıla bilinməməsi, bütün Yaxın Şərqdə təhlükəsizlik balansını poza biləcəyi və qlobal enerji bazarına ciddi təsir göstərməsi ilə bağlıdır”.

resad 1708009133

Politoloq qeyd edib ki, SEPAH artıq ABŞ-ın hücumlarına cavab olaraq Körfəz ölkələrindəki hərbi bazalarına zərbələr endirib:

“Həmçinin Pentaqon da hərbi bazaların ciddi zərər gördüyünü təsdiqləyib. İranın başqa çıxış yolu da yoxdur. İndiki mərhələdə cavab verməmək məğlubiyyəti qəbul etməyə bərabərdir və bu, danışıqlar masasında Tehranın mövqelərini xeyli zəiflədə bilər. Ona görə də İran yenə də asimmetrik cavab mexanizmlərinə əl atmaq məcburiyyətində qalıb.

Hazırkı mərhələdə gərginlik riskinin artdığı şübhə doğurmur. Amma qarşılıqlı zərbələrə baxmayaraq, tərəflərin yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı inandırıcı deyil. Bu, indi tərəflərdən heç birinin maraqlarına cavab vermir. ABŞ-a prosesi seçkilərə qədər uzatmaq və bu vaxtdan istifadə edərək hərbi arsenalını bərpa etmək lazımdır. İranla 40 günlük müharibədə ABŞ-ın uzaqmənzilli raket arsenalı ciddi şəkildə azalıb.

Məhz o səbəbdəndir ki, artıq BMV və “General Motors” kimi avtomobil istehsalçılarına “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin və “Tomahawk” qanadlı raketlərinin istehsalı üçün lisenziyalar verilib. İrana isə vaxt ilk növbədə toparlanmaq və eləcə də minimum iqtisadi imkanlarını bərpa etmək üçün neftin bazara çıxarılması baxımından lazımdır. Ona görə də 60 günlük bir fasilə hər iki tərəf üçün olduqca vacibdir. Ehtimal ki, biz təyin olunmuş vaxt bitdikdə belə hər hansı nüvə razılaşmasına şahidlik etməyəcəyik və ayrılan zaman yenə də uzadılacaq. Bu prosesin ABŞ-da  Konqresə keçiriləcək aralıq seçkilərinə qədər uzadılması ehtimalı kifayət qədər yüksək görünür.

Kritik mərhələ məhz həmin vaxtdan sonra başlayacaq. Başqa sözlə, bu müddət ərzində hər hansı razılaşma və sülh sazişi olmayacaqsa, o zaman Trampın elan etdiyi vəziyyət, yəni hərbi əməliyyatların bərpa olunması baş verəcək. Hələlik isə tərəflər Dohada Hörmüzlə bağlı mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün görüşməyə hazırlaşırlar və yaxın vaxtlarda genişmiqyaslı əməliyyatlara başlamaq kimi böyük bir gərginlik gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: