“İsrail hökuməti tərəfindən “erməni soyqırımı”nın tanınması yalnız alqışlana bilər, başqa heç nə!”
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan qeyd edib.
O bildirib ki, Təl-Əviv bu addımı ilə Ermənistanı düşünmür, sadəcə, özünə sərf edən qərarı verir:
“Mən istərdim ki, xalqımızın faciəsi əlverişli fürsətdə siyasi təzyiq vasitəsi kimi istifadə olunmasın. Xüsusilə də Fələstinin dinc əhalisini məhv etməyə davam edənlər tərəfindən…
Azərbaycana silah verən (bütün silahlar pulla alınıb – red.) və onun 44 günlük müharibədə qələbəsinə kömək edənlərin “erməni soyqırımı” barədə addımını bayram etmək olmaz. Bunu yalnız siyasi jest olaraq alqışlamaq olar”.
Qeyd edək ki, ötən gün İsrail hökuməti qondarma “erməni soyqırımını” tanıyan qərarı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün onun İsrail parlamenti – Knesset tərəfindən də təsdiqlənməsi lazımdır.
Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Ermənistan ictimaiyyəti və İrəvandakı siyasi ekspertlər İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını ehtiyatla qarşılayır və ona şübhə ilə yanaşır.
Ermənistan hökumətinin sözügedən qərara heç bir reaksiya verməməsi də maraq doğurur.
Əliyar Xəlil
Globalinfo.az