Iran 5 1536x982 1 900x575 1

İranda illik inflyasiya iyun ayında 88,6 faizə yüksələrək rekord səviyyəyə çatıb.

Globalinfo.az xəbər verir ki, ekspertlər bunu Yaxın Şərqdə davam edən hərbi gərginlik və ölkəyə qarşı uzun illərdir tətbiq olunan sanksiyaların iqtisadiyyata təsiri ilə əlaqələndirirlər.

İran Statistika Mərkəzinin məlumatına görə, 22 may-21 iyun aralığında ərzaq məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox bahalaşıb. Belə ki, çörək və taxıl məhsullarının qiyməti 138,8 faiz, süd, pendir və yumurtanın qiyməti 151,9 faiz, qırmızı ət və quş ətinin qiyməti isə 178,2 faiz artıb.

Müqayisə üçün qeyd edək ki, hərbi gərginlikdən əvvəl, yəni fevral ayında ölkədə illik inflyasiya 68 faiz təşkil edib.  2025-ci ilin dekabrında isə bahalaşmaya qarşı keçirilən etirazlar zamanı bu göstərici 52,6 faiz olub.

İnflyasiya xüsusilə kənd yerlərində daha ağır hiss olunur. Bu ərazilərdə illik qiymət artımı 108,1 faizə çataraq 100 faizlik həddi keçib. İran Statistika Mərkəzinin məlumatına əsasən, ölkənin 11 əyalətində illik inflyasiya 100 faizi ötüb. Ən yüksək göstəricilər İlam (114,7 faiz), Kürdüstan (111,7 faiz) və Lorestan (109,8 faiz) əyalətlərində qeydə alınıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: