İsrail və Livan arasında silahlı qarşıdurmanın dayandırılmasına yönələn çərçivə sazişi ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanıb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, sənədi Livanın ABŞ-dakı səfiri Nada Muavvad, İsrailin Vaşinqtondakı səfiri Yexiel Leyter və ABŞ nümayəndələri Dövlət Departamentində imzalayıblar.
İmzalanma mərasimindən əvvəl ABŞ dövlət katibi Marko Rubio bunun tərəflər üçün çətin, lakin vacib prosesin başlanğıcı olduğunu bildirib.
Livan nümayəndəsi sazişin ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasına, atəşkəsin daimi xarakter almasına, məcburi köçkünlərin evlərinə qayıtmasına və bölgədə sabitliyin təmin olunmasına xidmət edəcəyini deyib.
İsrail səfiri isə bildirib ki, yeni razılaşmada İran və “Hizbullah” prosesdən kənarda qalır və bunun sülh üçün yeni imkan yaratdığına inanır.
Sazişin detalları hələlik açıqlanmayıb. Rəsmilər yeni çərçivənin aprelin 16-da əldə olunan atəşkəs razılaşmasından hansı məqamlarla fərqləndiyini də izah etməyiblər.
Aysel Əliyeva
Globalinfo.az