Futbol üzrə dünya çempionatının oyunlarının şərh edilməsinə bu il xanım aparıcılar da cəlb olunub. Belə ki, “CBC sport” kanalının əməkdaşları Səmra Əliyeva və Aida Əliyeva turnirdə şərhçi kimi debüt edirlər. Səmra Əliyeva Kürasao – Kot-d’İvuar matçını şərh edib. Aida Əliyeva isə Panama – İngiltərə matçını şərh edəcək. Sosial şəbəkələrdə bunu dəstəkləyənlərlə yanaşı, uğursuz addım hesab edənlər də var.
Globalinfo.az-a danışan tanınmış futbol şərhçisi Ramiz Mirzəzadə deyib ki, bu, ölkəmizin idman televiziyaçılığı tarixində əlamətdar hadisədir:
Ramiz Mirzəzadə
“Səmra Əliyeva Kürasao – Kot-d’ İvuar qarşılaşmasını Süleyman Vəliyevlə birlikdə şərh edərək Azərbaycan televiziya tarixində dünya çempionatını şərh edən ilk qadın şərhçi kimi adını tarixə yazdı. Burada Aida Əliyevanı da qeyd etmək lazımdır. Bu, həm onların şəxsi karyerası, həm də Azərbaycan idman mediası üçün mühüm bir ilkdir. Sabah isə Panama – İngiltərə oyununu Aida Əliyeva ilə birlikdə şərh edəcəyik. Bu baxımdan belə bir qərarı verən “Cbc TV” rəhbərliyini alqışlayıram. Çünki xanımların müxtəlif sahələrdə olduğu kimi, idman jurnalistikasında da bacarıqları, peşəkarlıqları və istedadları artıq öz təsdiqini tapıb”.
Ramiz Mirzəzadə əlavə edib ki, əslində televiziya sahəsində qadın aparıcı və jurnalistlərin uğurları uzun illərdir, göz önündədir:
“Futbol şərhçiliyi isə Azərbaycanda yeni istiqamətlərdən biridir. Dünyanın bir çox ölkəsində, o cümlədən Rusiya televiziya kanallarında qadın futbol şərhçilərinin səsini illərdir eşidirəm və bu artıq tamamilə normal qəbul olunur. Əminəm ki, azərbaycanlı xanım şərhçilər də kifayət qədər təcrübəli həmkarlarımızdır. Onlar uzun illərdir, bu sahədə çalışır, futbolu dərindən bilir, peşəkarlıqları ilə seçilirlər. Əminəm ki, dünya çempionatındakı bu debüt həm tarixi hadisə, həm də onların karyerasında yeni və uğurlu bir mərhələnin başlanğıcıdır. Ümid edirəm ki, bundan sonra da həlledici futbol oyunlarında və digər böyük idman yarışlarında televiziya rəhbərlikləri xanım şərhçilərə daha çox etimad göstərəcəklər”.
Zaira Akifqızı
Globalinfo.az