ordu 1

Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərlə 30 ilə yaxın davam edən işğala son qoyub. Müharibə meydanında əldə olunan bu qələbə ordumuzun gücünü və peşəkarlığını bir daha nümayiş etdirib.

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin bugünkü gücü uzun illər aparılan məqsədyönlü ordu quruculuğunun nəticəsidir:

“Bu sahənin təməlini Ümummilli Lider Heydər Əliyev qoyub. Məhz onun rəhbərliyi dövründə nizami ordu formalaşdırılıb, hərbi sahədə mühüm islahatlara başlanılıb və peşəkar zabit korpusunun yaradılmasına xüsusi diqqət yetirilib. Sonrakı illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Ordumuzun maddi-texniki bazası daha da gücləndirildi, müasir silah və hərbi texnika alındı, hərbçilərin hazırlıq səviyyəsi yüksəldildi. Dünyanın ən müasir silahlarının alınması və ordunun döyüş qabiliyyətinin artırılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu”.

aydin huseynov esas

Aydın Hüseynov

Deputat bildirib ki, dövlət hərbçilərə və onların ailələrinə hər zaman xüsusi qayğı göstərib:

“Zabitlərin və əsgərlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil və məişət şəraitinin yaxşılaşdırılması, şəhid ailələri, qazilərə göstərilən diqqət dövlətin bu sahəyə verdiyi önəmin bariz nümunəsidir. Bu qayğı orduda yüksək ruhun, vətənpərvərlik hissinin və döyüş əzminin daha da möhkəmlənməsinə böyük töhfə verib. 2020-ci ildə qazanılan tarixi qələbə təkcə torpaqlarımızın azad olunması ilə nəticələnmədi. Bu, Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar yaratdı. Bu gün bölgədə davamlı sülhün bərqərar olması, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin formalaşması və irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır. Bu proseslər Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da artırır, regionu mühüm iqtisadi və nəqliyyat-logistika mərkəzlərindən birinə çevirir. Bütün bunlar Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin ölkəmizə və bütövlükdə regiona bəxş etdiyi mühüm töhfələrdən biridir. Nəticəsini isə 44 günlük müharibə meydanında gördük. Bu zəfər bir daha göstərdi ki, güclü dövlətin güclü ordusu olur. Ordu quruculuğuna illərlə göstərilən diqqət və qayğı öz nəticəsini verdi”.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan ordusu regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyi və müstəqilliyinin əsas təminatçısıdır:

“Ordumuz yüksək peşəkarlıq, güclü hazırlıq və müasir silahlarla tarixi zəfər qazanıb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilib və xalqımızın illərlə gözlədiyi ədalət bərpa olunub. Ona görə də Azərbaycan ordusu hər bir azərbaycanlının qürur mənbəyidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: