Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirildiyi bir vaxtda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dini və mədəni irsin bərpası məsələsi yenidən diqqət mərkəzinə çıxır. Ermənistanın işğalı dövründə şəhər və kəndlərlə yanaşı, İslam irsinə məxsus onlarla tarixi abidə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib və ya ciddi ziyan görüb. Hazırda isə həmin ərazilərdə məscidlərin, ziyarətgahların və digər tarixi-mədəni abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər aparılır.
Bu proses İslam ölkələrinin Azərbaycana dəstəyinin daha da güclənməsinə təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, Azərbaycan sistemli, qətiyyətli və koordinasiyalı siyasət yürüdür:
“Bu siyasət reallıqlarımızın hərtərəfli qaydada dünya birliyi tərəfindən qəbul edilməsi və möhkəmləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyev sonuncu dəfə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimində olduqca məzmunlu çıxış etdi. Hər bir çıxışın məzmunu hədəf auditoriyası nəzərə alınaraq tərtib edilir. Bu işdə də dövlət başçımız ən uğurlu liderlərdən biri kimi dəyərləndirilməlidir. Çünki o, hər bir auditoriyanı diqqətlə müəyyənləşdirir, nitqini peşəkarcasına qurur, çıxışı zamanı fikirlərini mükəmməl çatdırır. İslam dünyası həm də sözügedən məsələ barəsində dərindən məlumatlandırılmalıdırsa, həmin bu toplantı xüsusi əhəmiyyət kəsb edir. Çünki oraya gələn şəxslər investisiya qədər, həm də İslam dünyasının vacib nümayəndələri olmaları baxımından da olduqca mühüm auditoriya kütləsidir. Ona görə də Prezident İlham Əliyev bildirdi ki, Ermənistan sadəcə fiziki baxımdan Azərbaycana qarşı işğal törətmədi, həm də insanlarımızı öz yurd-yuvalarından didərgin saldı. Mənəvi olaraq da xalqımıza və şəhərlərimizə qarşı vəhşiliklər törətdi və bütövlükdə Ermənistanın törətdiyi vəhşiliklərin hədəf kütləsi də məhz müsəlman dünyası idi. Onlar da məsələyə “bu, bizim ümumi dəyərlərimizə uzanan əllər, sərgilənən yanaşmadır”, deyə münasibət göstərməlidirlər”.
Şəbnəm Həsənova
Politoloqun sözlərinə görə, 65 məscidin dağıdılması, məscidlərimizdə heyvanların, o cümlədən dinimizin qaydalarına zidd olaraq, bilə-bilə heysiyyətimizlə oynanılaraq donuz saxlanılması son dərəcə düşünülmüş və heç cür qəbul edilməz bir addım idi:
“Təbii ki, Prezident düzgün olaraq bildirdi ki, Azərbaycan xalqı heç bir zaman bu addımları unutmayacaq. Bizə qarşı törədilən aktların heç bir zaman unudulmaması Ermənistanın indiki məqamda daxilində və ətrafında baş verən proseslərlə paralel dəyərləndirilməlidir. Bizim dünənki tarixi yaddaşımız bugünkü addımlarımızın davamı və daha qətiyyətli təzahürü olmalıdır. Həmin bu məsələnin yenidən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirildiyi bir zamanda yenidən aktuallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Həm də bu gün Avropa məhkəmələrinin zamanında qəbul etdiyi öz qərarlarını yenidən özlərinin təkzib etdiyini görürük. Deməli, Azərbaycana qarşı hərtərəfli iş aparılır. Bunu təsdiq edən amil Frank Şvabenin Azərbaycan əleyhinə yalanlarla, iftiralarla dolu gurultulu çıxışıdır. Yəni bir tərəfdə həm siyasi təsirlər, fərdi və institusional kampaniyalar gücləndirilir, həm də məhkəmə orqanları Azərbaycan üzərində təzyiqi artırır.
67 məsciddən 65-nin məhv edilməsi, ciddi ziyan görməsi sadəcə bizi düşündürən və narahat edən məsələ olmamalıdır. Bu, bütövlükdə İslam dünyasına uzanan çirkli əllərdir, İslam aləminin hədəf seçilməsi baxımından Azərbaycana qarşı edilən hərəkətdir. Məhz bu istiqamətdə düşünürəm ki, həmrəylik göstərilməli, həssaslıq nümayiş etdirilməlidir və Azərbaycanın məscidlərin, ziyarətgahların və digər tarixi-mədəni abidələrin bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərə dəstək verilməlidir. Biz heç bir zaman ayrı-seçkilik etmədən tolerantlığı, multikultural dəyərləri diqqət mərkəzində saxlayan ölkədir. Azərbaycanın dini, tarixi, mədəni abidələrə, müxtəlif xalqlara qarşı göstərdiyi həssas yanaşmaya adekvat cavab verilməlidir. Bu istiqamətdə düşünürəm ki, İslam ölkələrinin həmrəyliyi daha fəal şəkildə həyata keçirilməlidir”.
Safura Bənnayeva
Globalinfo.az