2030-cu ilə qədər 10 yeni stansiyanın inşası nəzərdə tutulur. Onlardan birinin tikintisinə artıq başlanılıb. Bu, şərti olaraq “B-04” adlandırılan, keçmiş “Semaşko” xəstəxanasının arxasında yerləşən stansiyadır.
Globalinfo.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.
“Həmin stansiyada da yeni prinsiplər tətbiq olunacaq. Artıq texniki təchizat işlərinə başlanılıb. Səviyyələrarası keçidlər üçün eskalatorlar, liftlər və xüsusi təyinatlı pilləkənlər quraşdırılacaq. Bütün bunlar normativ tələblərə uyğun şəkildə təmin olunur və maksimum dərəcədə müasir standartlara əsaslanır.
Hazırda daha 9 stansiyanın layihəsi üzərində iş gedir. Beynəlxalq ekspertlər və beynəlxalq standartların tələbləri ilə mövcud Azərbaycan standartları, eləcə də sovet dövründən qalan normalar arasında müəyyən ziddiyyətlər müşahidə olunur. Hesab edirəm ki, standartlarımız yenidən işlənməlidir. Bu gün piyadaların qarşılaşdığı problemlərin əksəriyyətinin kökündə məhz standartlar və infrastruktur dayanır.
Beş stansiya bənövşəyi xətt üzrə, dörd stansiya isə yaşıl xətt üzrə olmaqla, gələn ildən tikinti işlərinə başlanılması nəzərdə tutulur”, – o bildirib.