Venesuelanın La-Quayra ştatında baş verən güclü zəlzələ nəticəsində sahildəki “Hotel Eduard”ın binası çöküb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə CNN telekanalı məlumat verib.
Məlumata görə, binanın yalnız girişi salamat qalıb.
Venesuela Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriqes kanala açıqlamasında bildirib ki, La-Quayrada 15-ə qədər bina çöküb və əlavə edib ki, məhz bu ştat yeraltı təkanlardan ən çox zərər görüb. Venesuela hökuməti güclü zəlzələnin nəticələri ilə əlaqədar olaraq sahilyanı La-Quayra ştatını fəlakət zonası elan edib.
Qeyd edək ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqesin sözlərinə görə, ən azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb və onlarla bina dağılıb.