Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum keçirilib.
Globalinfo.az xəbər verir ki, Forumun rəsmi açılış mərasimindən sonra “Nə yaxınmış uzaqlar” adlı panel müzakirəsi baş tutub.
Paneldə çıxış edən Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev deyib ki, İraqda türkmanların varlığı qədim dövrlərə gedib çıxır:
“Mən təklif edirəm ki, Kərkükşünaslıq fakültəsi təsis edilsin. Azərbaycan Ədəbiyyatı Muzeyində İraq-Türkman ədəbiyyatı ilə bağlı ekspozisiya yaradılsın. Dövlət Universitetlərində iraq-türkman gənclərinin təhsil alması üçün şərait yaradıla bilər. İraq-türkman ədəbiyyatının, mədəniyyətinin təbliğinə geniş yer verməlidir. Həmçinin Kərkükdə Azərbaycan adına qəzet açılmalıdır, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmək üçün telekanal da açıla bilər. Əlavə olaraq düşünürəm ki, Kərkükdə Azərbaycan konsulluğunun açılması da məqsədəuyğundur”.
İraqın Türkman Alimlər Birliyinin sədri Nebil Şahin Kifrili vurğulayıb ki, sözügedən istiqamətdə aparılan danışıqların nəticəsini görmək üçün artıq icra mərhələsinə keçilməlidir:
“Bu bizim gələcək nəsillərə ötürəcəyimiz miras üçün önəmlidir. Kərkükdə, İraqda və digər yerlərdə müxtəlif birgə layihələr yaradıla bilər”.
O, Azərbaycan evinin Kərkükdə, Hələbdə açılacağına ümid etdiyini qeyd edib.
Paneldə çıxış edən Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Esat Arber Hasan deyib ki, gələcək nəsillərə bu irs ötürülməlidir:
“Artıq muzeylərdən, kitablardan əlavə texnologiyadan istifadə edərək maarifləndirmə tədbiri həyata keçirilməlidir”.
İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Eyüp Kərəm öz çıxışı zamanı diaspora fəaliyyətinə toxunub:
“Bunun üçün QHT-lər də fəaliyyət göstərməlidir. Daha çox mübarizə aparmaq lazımdır”.
Tədbir bədii hissə ilə başa çatıb.
***11:25
Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum keçirilir.
Globalinfo.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın yaxın vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forumun rəsmi açılış mərasimindən sonra “Nə yaxınmış uzaqlar!” adlı paneldə türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.




