İspaniyada Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin pasportu ona qarşı açılan cinayət işi çərçivəsində ölkədən qaçma ehtimalı əsas gətirilərək müsadirə edilib.
Globalinfo.az xəbər verir ki, Beqonya Qomesə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, təsirdən istifadə etmə, korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları ilə açılan məhkəmə işi üzrə ehtiyat tədbiri kimi pasportunun alınmasına qərar verilib.
Bu qərarı çıxaran hakim Xuan Karlos Peinadonun göstərişindən sonra Beqonya Qomes məhkəməyə gedərək pasportunu təhvil verib.
İspaniya tarixində ilk dəfədir ki, fəaliyyət göstərən Baş nazirin həyat yoldaşının pasportu məhkəmə qərarı ilə əlindən alınır.
Beqonya Qomes pasportunu təhvil vermək üçün Madriddəki məhkəmədə cəmi 17 dəqiqə qalıb. Təhlükəsizlik səbəbindən o, məhkəməyə binanın dayanacağından daxil olub və oradan çıxıb.
Qərara əsasən, Beqonya Qomes ayda iki dəfə məhkəməyə gələrək qeydiyyatdan keçməli olacaq.
Sonuncu dəfə iki ay əvvəl Baş nazir Pedro Sançeslə birlikdə Çinə səfər edən Qomes barəsindəki ittihamlar aradan qalxana qədər İspaniyanı tərk edə bilməyəcək.
Eyni məhdudiyyətlər Baş nazirlik tərəfindən vəzifələndirilmiş və Begonya Qomesin köməkçisi olan Kristina Alvaresə də tətbiq olunub.
İfrat sağçı və ultra-katolik baxışları ilə tanınan “Hazte Oir” təşkilatının şikayəti əsasında açılan işdə Beqonya Qomes üçün 24 il, onun köməkçisi Kristina Alvares üçün isə 22 il həbs cəzası tələb olunur.
Baş nazir Pedro Sançes isə həyat yoldaşının məhkəmə qarşısına çıxarılmasının arxasında hakimiyyətin fəaliyyətini zəiflətməyə yönələn şəxsi hücumlar, dezinformasiya kampaniyaları və yalanların dayandığını iddia edir.
Aysel Əliyeva
Globalinfo.az